Cənab Santuş, İslandiyadan Portuqaliyaya birbaşa bilet var?

5:0-lıq biabırçı məğlubiyyətdən sonra hələ də "müqavilə" deyən mütəxəssisə ritorik sual
Azərbaycan idmanı son illər çox inkişaf edib. Azərbaycan milli komandaları müxtəlif növlər üzrə keçirilən yarışlarda bir qayda olaraq yaxşı mənada fərqlənməyi bacarırlar. Dörd ildən bir keçirilən ən ali idman yarışında- Olimpiya Oyunlarında hər dəfə rekordumuzu təzələməyimiz bunun göstəricisidir. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan artıq idman brendinə çevrilib. Belə ki, Birinci Avropa Oyunlarından tutmuş IV İslam Həmrəyliyi Oyunlarına, Formula- 1 idman yarışlarına qədər ən nüfuzlu tədbrlərin keçirilməsi Bakıya həvalə olunur. Di gəl, futbolumuz illərdir ki, yerində sayır...
Artıq çoxlarına məlum olduğu kimi, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda baş tutan İslandiya – Azərbaycan qarşılaşması millimizin böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb.
Reykyavikdə yerləşən "Lauqardalsvöllur" stadionunda keçirilən oyun 5:0 hesabı ilə islandların xeyrinə nəticələnib.
Qarşılaşmada meydan sahiblərinin qollarını Viktor Palsson (45+2-ci dəq.), İsak Berqmann Yohannesson (47 və 56-cı dəq.), Albert Qudmundsson (63-cü dəq.) və Kristian Hlinisson (73-cü dəq.) vurublar.
Azərbaycan yığması bu nəticə ilə qrupdakı mövqeyini daha da çətinləşdirib. Millimiz növbəti görüşünü sentyabrın 9-da Bakıda Ukrayna millisinə qarşı keçirəcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.
Futbol həvəskarlarının dünənki oyunu izləyərkən nə qədər həyəcan, əsəb keçirdiklərini təsəvvür etmək çətin deyil. Ona görə yox ki, uduzduq. Bu, idmandır. Udmaq da, uduzmaq da mümkündür. Amma oyunu izləyənlər təsdiqləyər ki, ilk dəqiqələrdən rəqib komanda təşəbbüsü ələ aldı. Matçın 10-12 – ci dəqiqələrində iş yoldaşlarımızdan biri “Əşi, daha bu oyundan nə isə gözləməyə dəyməz” deyəndə onu qınayıb “Bir gözlə də” cavabını vermişdim. Düz deyirmiş…Maksimum on dəqiqə ara ilə ard- arda beş qol vurmaq nə deməkdir? Bilirəm, bu sualın cavabını milli komandamızın baş məşqçisi portuqaliyalı Fernandu Santuşdan yaxşı bilən yoxdur…
…Odur ki, bir jurnalist kimi üzümü sizə tuturam, cənab Santuş, necə oldu ki, belə biabıqçı formada uduzduq? Açığı, heç sizdən də düz - əməlli cavab gözləmirəm. Dünənki mətbuat konfransını da izlədim. Həmkarlarımızın tənqidi məzmunlu sualları qarşısında elə hey “müqavilə” deyirdiniz. Nə müqavilə? Hansı müqavilə? Məgər 2024-cü ildə imzaladığınız kontraktda yazılmışdı ki, siz Azərbaycanda idman sahəsində görülən islahlahatlara kölgə salacaq, bizi biabırçı məğlubiyyətlərə aparacaqsınız? Yaxud sənəddə belə bir var idimi ki, mümkün məğlubiyyətdən sonra istefa verəcəyiniz gözlənildiyi halda jurnalistlər qarşısına çıxıb, az qala, mənim müqaviləm var, heç hara getmirəm deyəcəksiz? Ümumiyyətlə buna mənəvi haqqınız var? Məncə, AFFA sizə bu haqqı verməyib, verməməlidir də…
Karyeranızla az- çox maralanmışam. Bilirəm ki, əvvəl işlədiyiniz yığma komandaların bir çoxundan qovulmusunuz və təzminat tələb etmisiniz. 2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsəniz də, həmin ilin sentyabrında istefaya göndərilmisiniz. Həmçinin 2024-cü ilin yanvarında “Beşiktaş”la müqavilə imzalamısınız, lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra apreldə istefaya göndərilib. Bəlkə, indi də təzminat tələbi ilə AFFA-nı şantaj etməyi düşünürsünüz? Bu özü də bir bacarıqdır. Gərək, bacarasan…
Əslində mən sizdən küsüb eləmirəm. Xaricisiniz. Nə canınız yanır ki? Uman yerdən küsərlər. Mən xarici məşqçilərdən əl çəkməməyə davam edən və hər dəfə sanki eksperiment keçirən AFFA rəhbərliyindən küsürəm. Vallah, axtardığınız orada- burada deyil…
Cənab Santuş, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovu, yəqin ki, tanıyırsınız. Adam tarix yazır. Azərbaycan xalqını, futbolsevərləri sevindirməkdən yorulmur. Məgər, “Qarabağ” oynayanda meydança düz olur, milli komanda oynayanda əyri? Yoxsa, topun, qapıların ölçüləri dəyişir? Mən deyim: ola bilsin, peşəkarsınız, amma siz Qurban müəllimdən fərqli olaraq laqeydsiniz. Mən bunu mətbuat konfransında aydın hiss etdim.
Və sonda əgər hələ də İslandiyadasınızsa, bir maraqlanın: Bəlkə, Portuqaliyaya birbaşa bilet var?
Kənan Novruzov
12:20 06.09.2025
Oxunuş sayı: 1069
