Putin Zelenskiyə vassalı kimi yanaşır və çalışır ki... - Elmar Məmmədyarov

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyəti tənzimləmək məqədilə Rusiyaya təsir etmək üçün heç bir tədbir görməməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, Tramp təfərrüatlara varmadan Rusiyanın Ukrayna ilə bağlı addımlarından narazı qalacağı təqdirdə ABŞ-nin hərəkətə keçəcəyini və tədbirlər görəcəyini bildirib.
Məlum olduğu kimi, Tramp hakimiyyətə gələndən bəri Şərqi Avropadakı müharibəni dayandırmağa çalışır. Həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparılsa da, bu səylər hələ ki nəticə vermir.
O da bəllidir ki, Ağ Ev indiyə qədər dəfələrlə Moskvanı təhdid edib. Amma bu hədələrin reak effektini görməməkdəyik.
Rusiya- Ukrayna savaşının nə zaman, necə bitəcəyi məlum deyil. Ancaq görünən odur ki, "bu xəmir hələ çox su aparacaq". Bu isə o deməkdir ki, Rusiya ABŞ və Avropa arasında münasibətlərin getdikcə gərginləşməsi də mümkündür.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna ətrafında baş verənlər və müharibənin perspektivi barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Tramp deyib ki, Rusiyanın Ukrayna ilə bağlı addımlarından narazı qalacağı təqdirdə ABŞ hərəkətə keçəcək. Sizcə, o konkret olaraq hansı tədbirləri nəzərdə tutur?
- Söhbət ilk növbədə sanksiyalardan gedir. Çünki Tramp biznesmen kimi düşünür. Amerikalılarda belə söz var: “alverdə ucuz alıb baha satmalısan”. Bu da eyni fəlsəfədir. Tramp əlavə sanksiyalar fikirləşir. Həm də başa düşür ki, Rusiya çox böyük ölkədir, neft və qazla zəngindir.
- ABŞ indiyə kimi Rusiyaya dəfələrlə xəbərdarlıq etsə də, demək olar real addım atmır. Sizcə, ABŞ Rusiya ilə bağlı ehtiyatlı davranır?
-Bu siyasi təzyiq mexanizmidir. Çıxış edərkən xəbər göndərir, təzyiq edir ki, Ukrayna ilə sülhə nail olmağınızı istəyirik. Siyasətdə bu cür təzyiqlər olur. BMT baş assambleyasında çıxışları izləsəniz, orada da bu cür təzyiqli çıxışlar görə bilərsiniz.
-Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukrayna ilə bağlı razılığa gəlmək mümkün olmasa, Rusiya məqsədlərinə hərbi yolla çatacaq. Sizcə, bu blefdir, yoxsa Rusiyanın real imkanları var?
-Birincisi, Rusiya 150 milyonluq böyük bir ölkədir. Ukrayna ilə müqayisədə dəfələrlə güclüdür. Amma mən hələ ki Rusiya və Ukrayna arasında sülh görmürəm. Ukrayna istəyir ki, NATO və Avropa İttifaqına üzv olsun. Amma Alyans ölkələrinin Kiyevə dəstək verəcəyinə inanmıram. Aİ-də isə Ukraynanın imkanları daha genişdir. Amma burada da Avropa dövlətlərinin müəyyən şərtləri var. Məsələn Türkiyə 1962-ci ildən danışıqlar aparıb, amma 2006-da namizəd statusu alıb. Buna baxmayaraq, hələ də danışıqlar aparırlar. Ukraynada bu qədər uzun çəkməyəcək. Amma onlar da müəyyən şərtləri qəbul etməyə məcburdur.
-ABŞ ilə Rusiya arasında münasibətlərin yenidən gərginləşməsi nüvə silahı tətbiqi ehtimalını yenidən gündəmə gətirirmi?
-İnanmıram. Artıq Ukraynanın Donestk, Luqans, Zaparojye əraziləri Rusiyaya daxil olub. Bu torpaqlar qanunvericiliyə uyğun olaraq Rusiya torpaqları hesab edilir. Ukraynanın da 2 yolu var ki, ya bununla razılaşsın ya da müharibəyə davam etsin. Rusiya isə hücum edərək daha çox torpaq əldə etmək istəyəcək. Tramp açıqlamasında bildirib ki, Ukraynanın təhlükəsizliyi baxımından ona hərbi yardım göstərəcək. Avropa bu məsələdə ABŞ ilə razılaşmır. Amma ABŞ-siz bir iş də görə bilməz. Ona görə belə düşünürəm ki, qeyri-adi bir şey olmasa, yaxın zamanda sülh görünmür.
-Putin ukraynalı həmkarı Volodemir Zelenskini danışıqlara dəvət edib. Zelenski bu dəvəti qəbul edəcəkmi?
-Putin Zelenskini görüş üçün Moskvaya dəvət edib. Öz vassalı kimi çağırır ki, gəl danışaq. Zelenski bununla razılaşa bilməz. Rusiya prezidenti deyir ki, bu vəziyyəti Ukrayna hakimiyyəti qəbul etməli və Rusiyanın tələb etdiyi torpaqları boşaltmalıdır. Zelenski çıxış edərkən qeyd edib ki, Rusiya Donetskin 30% ni tutub. Ukraynanın 70% - i güzəştə getməsi düzgün deyil. Ona görə də belə vəziyyət davam edəcək.
Ayhan
14:32 05.09.2025
Oxunuş sayı: 1170