Rusiyadakı bəzi qüvvələr Qafqaz siyasətində ciddi yanlışlıqlara yol verirlər - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyanın Azərbaycan mülki təyyarəsini vurmasını “faciəvi səhv” adlandıraraq, hadisənin ölkədə böyük məyusluq doğurduğunu bəyan edib. Dövlət başçısı qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulan təyyarəyə lazımi xəbərdarlıq edilməyib və məsələ ciddi araşdırılmalıdır. Prezident həmçinin ABŞ-ın vasitəçiliyi ilə imzalanmış son bəyannaməyə Ermənistan dövlətinin məsuliyyət daşıdığını vurğulayaraq, Azərbaycanın heç vaxt aqressiya və hörmətsizliyə dözməyəcəyini bildirib.
Mövzu ilə bağlı deputat Müşfiq Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib:
“Dövlətimizin başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Əvvəlki müsahibələr kimi bu dəfə də ölkə başçısının nitqi bir çox maraqlı məqamlara toxunaraq, ciddi mesajlar verməklə yanaşı, bəzi gözlənilən məsələlərlə bağlı açıqlamalarla yadda qalıb. Cənab Prezident müsahibəsində regional və qlobal məsələlərə münasibət bildirərək, dövlətimizin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı”.
Deputatın sözlərinə görə, ölkə başçısının çıxışında ən çox diqqət çəkən məqam Ağ Evdə imzalanan bəyannamə ilə bağlı fikirlər olub: "Əslində bu sənəd imzalanan gündən beynəlxalq mətbuatda da ən çox toxunulan məqam sənədə Ermənistan tərəfindən əməl olunub olunmayacağı idi. Hətta müzakirələr aparılırdı ki, sənəd Ermənistan dövləti tərəfindən tanınacaqmı, yoxsa sırf baş nazir Nikol Paşinyan höküməti tərəfindənmi tanınacaqdır. Bu sualın cavabı birbaşa Azərbaycan lideri tərəfindən verildi. Bəli dövlət başçısının da qeyd etdiyi kimi Amerika prezidenti Donal Trampın vasitəçiliyi ilə imzalanan bu razılaşmaya sadiq qalmaq, əvvəlkilərdən fərqli olaraq Ermənistanın hakimiyyəti yox birbaşa dövlətinin məsuliyyətindədir.
Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın Rusiya ilə münasibətlərin pisləşməsinə görə məsuliyyət daşımadığını bəyan etmiş, ölkəsinin “heç vaxt aqressiya və ya hörmətsizlik təzahürlərinə dözməyəcəyini” vurğulayıb.
Əslində Azərbaycan-Rusiya münasibətlərində zaman-zaman maraq toqquşmaları baş verirdi, lakin, bu dəfəki gərginliyin birbaşa ictimai müstəviyə çıxması və Rusiya güc strukturlarının fəaliyyəti də bu gərginliyin yeni mərhələyə keçdiyini göstərdi.
OMON hadisəsi sadəcə adi bir insident deyil, Bakıya qarşı tətbiq edilən sərt siyasi ritorikanın bir formasıdır. Bu hadisələrin fonunda Azərbaycan balanslaşdırılmış, lakin prinsipial mövqeyini qorumaqla bölgədəki lider rolunu daha da gücləndirir".
Müşfiq Cəfərov qeyd edib ki, postmüharibə dövründə Azərbaycan Rusiyaya qarşı heç bir sanksiyalara qoşulmayıb:
“Düşünürəm ki, Rusiyadakı bəzi qüvvələr Qafqaz siyasətində ciddi yanlışlıqlara yol verirlər. Azərbaycanın siyasəti regionda etibarlı, lakin müstəqil qərar verən aktora çevrilib. Artıq Qafqazın gələcəyi Bakının iştirakı olmadan müəyyənləşdirmək mümkün deyil”.
09:34 28.08.2025
Oxunuş sayı: 993