Trampın bu bəyanatı təsadüfi deyil -AÇIQLAMA

Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda görsənir ki, Avropa İttifaqı siyasi dəstək və humanitar yardım baxımından aktiv olsa da, müharibənin hərbi və maliyyə yükünün əsas hissəsi ABŞ-nin üzərindədir. Bu isə Aİ-nin müstəqil təhlükəsizlik strategiyası formalaşdırmaqda çətinlik çəkdiyini göstərir. Belə ki, ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya qoşun yeritməyi dəstəkləməyə çağırıb. Onun ritorikası, ABŞ-nin Avropanın təhlükəsizliyinə dair öhdəliklərini məhdudlaşdırmaq və Ukrayna məsələsində məsuliyyəti daha çox Aİ-nin üzərinə qoymaq niyyəti ilə səsləşir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, bəllidir ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna savaşının davam etdirilməsinin tərəfdarıdırlar, amma bunu ABŞ-nin vasitəsilə etməyə çalışırlar:
“Çünki ABŞ Ukrayna savaşında həlledici faktora malikdir. ABŞ-nin dəstəyi olmadan Ukraynada Aİ heç bir nəticəyə nail ola bilməz. Təbii ki, Aİ mərkəzi müharibənin davam etdirilməsi, bunun Birləşmiş Ştatların hesabına edilməsi ilə bağlıdır. Ona görə də Tramp bu fikirlə razı deyil və fərqli siyasət yürüdür. ABŞ lideri Rusiya ilə münasibətlərini gərginləşdirməkdə maraqlı deyil və eyni zamanda Aİ-nin təhlükəsizliyinin təmin olunması ilə bağlı ABŞ-yə əlavə tələblər irəli sürülür. Yəni bütün maliyyə xərclərini Avropa İttifaqı ölkələrinin üzərinə qoymağa çalışır. Ona görə də hesab edirəm ki, Trampın bu bəyanatı təsadüfi deyil. Bununla mesaj verilir ki, əgər Aİ Ukraynada savaşı davam etdirmək niyyətindədirsə, yəni Birləşmiş Ştatlardan fərqli siyasət yürüdürsə, o zaman özləri hərbi istiqamətdə Ukraynaya dəstək verməli və birbaşa Ukraynanın təhlükəsizliyinin təmin olunmasında iştirak etməlidir. Təbii ki, Aİ bununla heç bir zaman razı ola bilməz, çünki belə olan halda birbaşa müharibənin tərəfinə çevirirlər və Rusiya təhdidi Aİ üzərində daha da çoxalır. Hesab edirəm ki, Birləşmiş Ştatlar lideri bu açıqlama ilə məhz bu mesajı verir. Bununla da Aİ-nin hansı niyyətinin olması daha açıq formada özünü biruzə verir”.
Nəzrin Salmanova
17:18 27.08.2025
Oxunuş sayı: 936