Alyaska görüşü diplomatik baxımdan tam uğursuzluqla nəticələnib – Politoloq

Ötən gün ABŞ administrasiyası hazırda Ukraynaya hərbi yardım göstərən Vaşinqtonun NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir. Bu barədə ABŞ administrasiyasının rəhbəri Donald Tramp Ağ Evdə hökumətin iclasında bildirib.
Xatırladaq ki, iyulun 14-də Tramp Avropanın tədarükü maliyyə cəhətdən qarşılayacağı təqdirdə Vaşinqtonun Kiyevə silah və hərbi texnika verməyə davam etmək qərarına gəldiyini açıqlayıb. Ağ Ev rəhbəri bu prosesi NATO ilə koordinasiya edəcəklərini qeyd edib.
Bəs ABŞ bu yardımı davam etdirəcəkmi və NATO Trampın qeyd etdiyi şərtlərlə birgə fəaliyyətə razılaşacaqmı?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə liderlərin Vaşinqtonda keçirilən görüşündə də bir daha aydın olduğunu və ABŞ və Avropa İttifaqı Ukrayna məsələsində koordinasiyalı fəaliyyət göstərəcəyini qeyd edib: “Təbii ki, Rusiyanın Ukrayna ilə bağlı hər hansı bir güzəştə getmək niyyətində olmaması, xüsusilə də Prezident Zelenskini Moskvaya dəvət etməsi, tərəflər arasında razılaşmaların mümkünsüzlüyünü və görüşlərin nəticəsizliyini göstərir. Göründüyü kimi, Alyaska görüşü də diplomatik baxımdan tam uğursuzluqla nəticələnib. Avropa liderlərinin Vaşinqtonda keçirilən görüşündə də bir daha aydın oldu ki, ABŞ və Avropa İttifaqı Ukrayna məsələsində koordinasiyalı fəaliyyət göstərəcək. Rusiya görünür ki, Ukraynanın şərq hissəsinə, xüsusən Donbasa tam nəzarət etmək istəyir və bu, Ukraynanın ərazi bütövlüyünə ciddi təhlükə yaradır. Bu vəziyyət Avropanın təhlükəsizlik arxitekturasını da tamamilə deqradasiyaya uğradır. Ona görə də qərara alınıb ki, Ukraynaya hücum xarakterli silahlar verilərək Rusiyanı güzəştə getməyə məcbur etsinlər”.
Politoloq həmçinin ABŞ və NATO ölkələri artıq Ukraynaya hücum silahlarını təqdim edəcəyini qeyd edib.
“ABŞ və NATO ölkələri artıq Ukraynaya hücum silahlarını təqdim edəcək, Avropa ölkələri isə bu silahların maliyyələşdirilməsində iştirak edəcəklər. Hətta Donald Tramp da bir açıqlamasında qeyd etmişdi ki, Ukrayna təkcə müdafiə olunmamalı, həm də hücum etməlidir. Hazırda Ukraynanın arsenalında “Flamingo” və “Neptun” kimi 1000–3000 kilometr məsafəyə çata bilən raketlər mövcuddur.
Bu silahların Rusiyaya qarşı istifadəsi nəzərdə tutulur. ABŞ da Ukraynaya əlavə olaraq bir milyard dollar dəyərində raketlər tədarük edib. Güman olunur ki, Prezident Donald Tramp bu istiqamətdə verdiyi vədlərə sadiq qalacaq və NATO ilə birlikdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayacaq. Artıq proseslərdə daha yüksək səviyyədə koordinasiya müşahidə olunur və Qərb ölkələri çalışırlar ki, Rusiya güzəştə getməyə məcbur edilsin”- deyə politoloq qeyd edib.
Elmir Heydərli
17:12 27.08.2025
Oxunuş sayı: 922