Ekspert: "Ukraynanın təhlükəsizliyi Rusiyanın davranışlarından asılıdır"

ABŞ Dövlət katibi Marko Rubio avqustun 21-də Avropa ölkələrindən və Ukraynadan olan milli təhlükəsizlik məsləhətçiləri ilə görüş keçirəcək, burada Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi müzakirə olunacaq. Görüşün əsas mövzusu Kiyev üçün təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır.
Ukraynaya perspektivdə təhlükəsizlik zəmanətinin verilməsi barədə Crossmedia.az-a danışan hərbi ekspert Ramil Məmmədli Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasının hələ də beynəlxalq müstəvidə ciddi çağırış olaraq qaldığını bildirib: "Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünün qorunması məsələsi uzun illərdir ki, beynəlxalq gündəmdə qalır. 2014-cü ildəki hadisələrdən sonra Rusiyanın Krım və Donetsk-Luqansk ərazilərindəki hərəkətləri, həmçinin 2022-ci ildə başlanan hərbi əməliyyatlar Ukrayna üçün ciddi təhlükə yaratdı. Həmin dövrdə Avropa və Qərb ölkələri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, bəzi proseslər nəticəsiz qaldı və Rusiya faktiki olaraq bu ərazilərdə öz maraqlarını qorudu".
R.Məmmədli vurğulayıb ki, Ukraynanın təhlükəsizliyinə veriləcək zəmanətlər Rusiyanın razılığı olmadan effektiv olmayacaq: "Təhlükəsizlik zəmanətinin verilməsi yalnız Rusiyanın razılığı ilə mümkündür. Rusiyanın konkret sənədə imza atmaması halında, Ukraynanın təhlükəsizliyinə dair beynəlxalq zəmanətlər yararsız olacaq. Bu baxımdan əsas narahatlıq məhz Rusiyanın mövqeyindən irəli gəlir. 2014-cü ilə qədər Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımamış, yalnız Krımın Rusiyaya aid olmasını qəbul etmişdi. Donetsk və Luqanskın statusu isə müxtəlif beynəlxalq mübahisələr doğurmuşdur".
Ekspert qeyd edib ki, Ukraynanın müdafiəsi və təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq dəstək vacib olsa da, bu, yalnız Rusiyadan konkret təhlükəsizlik zəmanəti alınarsa tam mümkün olacaq: "Hazırkı vəziyyətdə Ukraynanın müdafiəsi və təhlükəsizliyinin təmin olunması yalnız beynəlxalq tərəfdaşların silah və dəstəyi ilə deyil, həm də Rusiyadan konkret zəmanət alınması ilə mümkündür. ABŞ və Avropa ölkələrinin Ukraynaya göstərdiyi dəstək, təhlükəsizlik zəmanətinin formalaşması üçün önəmlidir, lakin bu, Rusiyanın razılığı olmadan yetərli deyil".
R.Məmmədli son olaraq Ukraynanın təhlükəsizliyi əsasən Rusiyanın davranışından asılı olduğunu qeyd edib: "Nəticə etibarilə, Ukraynanın əsas təhlükəsi Rusiya faktoru olaraq qalır. Təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində hər hansı uğur yalnız Rusiyanın davranışından və beynəlxalq səviyyədə razılaşdırılmış sənədlərin imzalanmasından asılıdır. Qərb və ABŞ-nin verdiyi dəstək, Rusiyanın konkret öhdəlik götürmədiyi halda, Ukraynanın təhlükəsizliyini tam təmin edə bilməz".
Fatimə Nəbiyeva
16:29 21.08.2025
Oxunuş sayı: 700