Tramp-Putin görüşünə ekspertlər bədbin yanaşır

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib.Trampın bu çıxışları artıq mütəmadi hal alıb. Yekunda bu sanksiyalar paketi Rusiyaya necə təsir edir? Tramp həqiqətənmi bu sanksiyalar paketi hədələri ilə Rusiyanı nəyəsə məcbur edəcək?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Crossmedia.az-a açıqlama verib:
“Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp tərəfindən Rusiyaya yönələn bu çıxışlar artıq ənənəvi hal alıb. Çox təəssüf ki, Rusiya tərəfindən müharibənin başa çatması yaxud ilkin atəşkəs şərtlərinin razılaşdırılması ilə bağlı konstruktiv yanaşmalar heç vaxt təqdim edilmir. Ona görə də Tramp administrasiyası danışıqlar prosesində Ukraynaya daim təsir və təzyiq vasitələrindən istifadə etməyə çalışır. Alyaska görüşündən gözləntilər kifayət qədər yüksəkdir. Amma düşünürəm ki, hazırda mövcud şərait və hərbi cəbhədə baş verən əməliyyatlar onu deməyə əsas verir ki, Rusiya heç də asanlıqla atəşkəsin ilkin şərtlərini qəbul etmək niyyətində deyil. Düşünmürəm ki, Alyaskada keçirilən görüş nəticəsində müharibə ilə bağlı ciddi qərar qəbul edilsin. Atəşkəsin şərtlərinin razılaşdırılması istiqamətində və yaxud humanitar yönümlü razılaşma əldə oluna bilər. Amma yekunda Ukraynanın ərazi bütövlüyü məsələsi danışıqların əsas predmeti olmaqla ümumi müzakirələrin aparıcı istiqamətini təşkil etməlidir. Amma təəssüf ki, bu istiqamətdə biz hər hansı bir formada müsbət yanaşmaların yaxın perspektivdə olacağını müşahidə edə bilmirik”.
Ayhan
20:25 14.08.2025
Oxunuş sayı: 4067