Tramp və Putin arasında "büyük buluşma": "Sammit "sehrli çubuq" olmayacaq, amma...

ABŞ dövlət katibi Marko Rubio Alyaskada
keçiriləcək sammiti ABŞ və Rusiya prezidentləri Donald Tramplə Vladimir Putin
arasında Amerika liderinin vəziyyəti şəxsən qiymətləndirməsi üçün zəruri olan
tanışlıq görüşü kimi qiymətləndirib.
"Açığı, düşünürəm ki, bu, tanışlıq xarakterli
görüş olacaq. Putinlə bir neçə dəfə telefon danışığından sonra prezident hiss
edir ki, masa arxasında onun gözlərinin içinə baxmaq lazımdır. Qiymətləndirmək
üçün onunla üz-üzə görüşməlidir", - Rubio deyib.
Dövlət katibi görüşün özünün Rusiya tərəfinə
güzəşt olması ilə bağlı tənqidləri rədd edib. "Prezident Tramp üçün görüş
güzəşt deyil. O, buna belə baxmır. Görüş vəziyyəti başa düşmək və qərar qəbul
etmək üçün etdiyiniz bir şeydir" , - diplomat əlavə edib.
Bundan əvvəl Tramp Putinlə avqustun 15-də
Alyaskada görüşəcəyini gözlədiyini bildirmişdi. Sonra Ağ Evin mətbuat katibi
Kerolayn Livitt görüşün ştatın ən böyük şəhəri Ankoricdə baş tutacağına
aydınlıq gətirib.
Vaşinqtonla Moskva arasıdnda münasibətlərin hazırkı səviyyəsi
kifayət qədər maraqlıdır. “Kulis”də nələrin baş verdiyini bilməsək də, görünən
odur ki, tərəflər bir – birilərinin “ətini yeməyə davam edirlər”. Bunu nəzərə
alsaq deməliyik ki, avqustun 15-də Alyaskada keçirilməsi gözlənilən görüş çox
əhəmiyyətlidir. Trampla Putinin görüşü müharibəyə son qoya biləcəkmi?
Bu barədə Crossmedia.az-a danışan türkiyəli
politoloq, professor Mehmet söyləyib ki,
Alyaskada planlaşdırılan Tramp-Putin görüşü iki ölkə arasında uzun
müddətdir kəsilən yüksək səviyyəli ünsiyyəti yenidən başlatmaq potensialına
malikdir: “Sammit ilk növbədə tərəflər arasında kommunikasiya kanallarının
açılması üçün həlledici əhəmiyyətə malikdir. Birbaşa təmas anlaşılmazlıqları
azalda bilər və girovların mübadiləsi və humanitar yardım dəhlizləri kimi
məhdud məsələlərdə güzəştə zəmin yarada bilər. Bununla belə, Rusiyanın görüşdən
əvvəl cəbhə xəttində hücumlarını artırması onun diplomatik masa arxasında
sövdələşmə gücünü artırmaq strategiyasının göstəricisi hesab edilməlidir.
Üstəlik, Ukrayna görüşə dəvət olunmadığından və görüş tələsik təşkil olunduğundan,
nəticə çox qeyri-müəyyəndir”.
Müsahibimiz gözlənilən görüşlə bağlı mümkün ssenarilərdən də danışıb: “Trampın diplomatik profilini gücləndirmək məqsədi münaqişəni dondurmaq və ya faktiki status-kvo razılaşması yaratmaq təkliflərinə yol aça bilər. Digər tərəfdən, Moskva öz qazanclarının tanınması müqabilində deeskalasiyaya razılaşa bilər. Bunlar effektivdir, lakin cəbhədə davamlı dəyişikliklərə səbəb olmaya bilər. Belə “kiçik qazanclar” həm Trampın diplomatik profilinə, həm də Putinin təbliğatına xidmət edir. Lakin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı güzəştə getməsi gözlənilmədiyi üçün bu cür təkliflər Kiyevə daxili siyasi təzyiqi artıra bilər. Avropa İttifaqının şərq cinahında yerləşən ölkələr ABŞ-Rusiya potensial razılaşmasının Ukraynanı zəiflədə biləcəyindən narahatdırlar. NATO sammitin Alyansın strateji məqsədlərinə uyğunluğunu təmin etmək üçün diplomatik təzyiq göstərməyə çalışacaq. Nəticə etibarı ilə, sammit Kiyevi istisna edən kompromisə yol açsa belə, bunu Ukraynanın qəbul etməsi çətin və regional sabitlik üçün risk ola bilər. Buna görə də, bir çox Qərb ekspertləri bunun daha böyük uzunmüddətli xərcləri olacağı barədə xəbərdarlıq edirlər”.
Onun sözlərinə görə, sammit ciddi və ya sürətli
bir həll gətirməsə də, Moskvaya diplomatik/iqtisadi üstünlük təmin edə bilər: “Bunun
qarşısını almaq üçün tərəflərin razılığına əsaslanan və Ukraynanı istisna
etməyən çoxtərəfli diplomatiya vacibdir. Liderlərin görüşü müvəffəqiyyətlə
keçərsə, Trampa həm milli, həm də beynəlxalq səviyyədə diplomatik nüfuz, seçki
öncəsi siyasi “rıçaq” və qlobal güc balansında manevr imkanı verə bilər. Bununla
belə, bu nailiyyətlər cəbhədə nəzərəçarpacaq irəliləyişdən və praktiki
nəticələrdən asılı olacaq. Putin üçün Alyaska sammiti beynəlxalq təcriddən
çıxmaq, Ukraynada strateji vaxt qazanmaq, ABŞ-la münasibətlərdə çeviklik
yaratmaq və daxili siyasi nüfuz qazanmaq üçün bir fürsətdir. Sammit Ukraynaya
potensial atəşkəs və “nəfəs almaq” şansı versə də, onun uzunmüddətli ərazi
bütövlüyü və müstəqillik hədəflərinə əhəmiyyətli təzyiq göstərəcək. Bir sözlə,
sammit təkbaşına müharibəni bitirmək üçün "sehrli çubuq" olmayacaq, lakin bunun
ciddi diplomatik nəticələri ola bilər”.
12:24 13.08.2025
Oxunuş sayı: 1522