Rusiyanın danışıqlara başlaması üçün şərt açıqlayıb

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker NBC telekanalına müsahibəsində deyib ki, Ağ Ev rəhbəri Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna arasındakı münaqişə yalnız danışıqlar masası arxasında həll oluna bilər.
"Prezident Tramp kifayət qədər aydın şəkildə bildirib ki, münaqişə döyüş meydanında başa çatmayacaq. Nəticədə o, danışıqlar vasitəsilə həll olunmalı, sülh əldə edilməlidir", - o qeyd edib.
Məlum olduğu kimi Tramp və onun administrasiyası Rusiya-Ukrayna arasında sülhün əldə olunması məqsədilə çalışırlar. Buna örnək olaraq Donald Trampın yenidən hakimiyyətə gələn kimi ilk olaraq bu məsələyə köklənməsi, iki tərəf arasında görüş təşkil eləməsi bir çox nümunələr göstərə bilərik. Bu cəhdlərə baxmayaraq, məlum olan odur ki, savaş hələ tez bir zamanda atəşkəslə sonlana bilməz. Əlbəttə, burada Tramp və onun administrasiyasına böyük yük düşür. Maraqlıdır bəs Tramp və onun administrasiyası bu məsələni sülhlə sonlandıra biləcəkmi?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri Rusiyanın öz hədəflərinə çatmayana qədər atəşkəsə razılaşmayacağlnı qeyd edib: "Rusiyanın Ukraynaya yay hücum planı mövcuddur və bu plan konkret hədəflərinə çatmayana qədər, dövlət başçısı Vladimir Putinin atəşkəsə və yaxud da substansiv, yəni konkret əsaslarla danışıqlara başlamaq fikri yoxdur. Əlbəttə ki, imitasiya, görüntü xarakterli görüşlər olacaq. Texniki və humanitar məsələlərin İstanbulda keçiriləcək dördüncü raundda müzakirə olunması mümkündür. Ancaq atəşkəs razılaşması olmayacaq. Çünki, ən azından Putin yay hücumlarının nəticəsini gözləyir. Bu istiqamətdə Rusiyanın atdığı addımlar bunu bariz şəkildə göstərir. Ən azından Rusiyaya verilmiş 50 günlük möhlətin 10 günə endirilməsi ultimatumundan sonra, Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayış məntəqəsinin ballistik raketlərlə məhv edilməsi və kütləvi insan qətliamı Trampa verilən ciddi cavab idi".
Müsahibimizin fikirncə, Rusiya indi- yay hücumlarının ən intensiv dövründə heç bir atəşkəsə razı olmayacaq: "Lakin bununla belə, Trampın bu məsələnin, yəni Rusiya- Ukrayna müharibəsinin hərbi yolla həllinin olmamasına dair açıqlama konkret reallıqlara söykənir və Moskvanın da bunu anlayacağına ümid edilir. Niyə? Çünki məsələ sadəcə Ukraynanın Rusiyaya dirənişindən getmir. Ukraynanı dəstəkləyən kütləvi Avroatlantik məka öz yardımı ilə Rusiyanın böyük hərbi nailiyyətlər qazanmasına imkan verməyəcək. Bu isə illərlə müharibənin davam etməsi anlamına gəlir. Nəticə etibarilə Rusiyanın elə də ciddi görünəcək hərbi uğurları olmayacaq. Ən azından üç il yarıma yaxındır ki, bu müharibə davam edir. Rusiya hələ də yalnız Donbas vilayətinin inzibati sərhədlərinə çata bilibmi? Bir çox strateji şəhərlər var ki, hələ də Ukraynanın nəzarəti altındadır".
Politoloq, həmçinin Rusiyanın yalnız iqtisadi cəhətdən çöküşü olarsa, atəşkəsə razılaşacağını qeyd edib: "Rusiya müharibəni maliyyələşdirmək imkanı olmayanda və ölkədə böhran başlayanda atəşkəsə razı ola bilər. İkinci bir tərəfdən, Ukraynaya istədiyi bütün silahlar verilsə, Rusiya ciddi itkilərə məruz qala bilər. Bu da danışıqlara gətirib çıxara bilər. Amma kritik vəziyyət yaranmadan Moskva ciddi danışıqlar və atəşkəsə razı olmayacaq".
Elmir Heydərli
15:25 04.08.2025
Oxunuş sayı: 1344