Ekspert Medvedev haqqında sərt danışdı: "Kremlin "kölgəsidir""

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiya və Hindistanı “ölü iqtisadiyyat” adlandırmasına sərt cavab verib. O, ABŞ-ə dolayı şəkildə “ölü əl” adlanan nüvə cavab sistemi ilə mesaj göndərib. Medvedev bildirib ki, əgər Rusiya liderinin sözləri Trampı bu qədər narahat edirsə, deməli, Moskva haqlıdır və geri çəkilməyəcək.
Tərəflər arasında davam edən çəkilmə barədə Crossmedia.az-a danışan hərbi - siyasi ekspert Həşim Səhrablı Medvedevin Putinin kölgəsindən başqa bir kimliyə sahib olmadığını bildirib: "O, ümumiyyətlə bir siyasətçi kimi kölgədən başqa bir şey deyil. Biz Medvedev haqqında danışarkən nəzərə almalıyıq ki, o, Putinin kölgəsidir. Onun əlavə olaraq nə siyasi kimliyi, nə mənəvi kimliyi, nə də başqa hər hansı bir kimliyi var. Buna görə də Medvedev əgər nəsə deyirsə, deməli, Putin deyir və ya Kremldən gələn bəyanatı təkrarlayır. Qısaca, Təhlükəsizlik Şurasının sədr müavininin bu dedikləri Rusiyanın rəsmi mövqeyidir. Bu mövqe də tamamilə ona əsaslanır ki, Rusiya ABŞ-yə 3-4 il əvvəl olduğu kimi meydan oxumağa davam edir. Əgər Cozef Baydendin hakimiyyəti dövründə Rusiya küncə sıxılmışdısa və Ukraynada çox ciddi sıxıntılar yaşayırdısa, Trampın sülhə meyilli davranışları və Rusiyaya qarşı münasibətdə etdiyi səhv nəticəsində Moskva daha cəsarətlənmiş görünür. Onlar düşünürlər ki, Tramp müharibədən qaçacaq. Beləliklə, vəziyyət Moskvanın xeyrinə dəyişəcək. Ona görə də Medvedevin bu eyhamlarını dəyərləndirərkən sadəcə onu nəzərə almalıyıq ki, bu, Kremlin bu bəyanatıdır".
H. Səhrablı əlavə edib ki, müharibə başlayandan Rusiyanın mövqeyi nədirsə, Medvedevin də söylədikləri də bir növ loru dildədir: "Əslində təzə heç bir şey yoxdur. Necə ki, Rusiya Ukraynaya müdaxilə edəndə, birbaşa bu ölkəni işğal etməyə başlayanda beynəlxalq münasibətlər sisteminə, bütün qayda-qanunlara “tüpürmüşdüsə”, indi də eyni siyasətdən çıxış etməyə davam edir. Bu isə Rusiyanın öz mövqeyidir və hələ də davam edir. O ki qaldı bu ritorikanın ABŞ-Rusiya münasibətlərinə problem yaratmasına, onsuz da ABŞ ilə Rusiya arasında ciddi bir problem var. Ən azından Şərqi Avropada maraqlar toqquşur. Bu isə Ukraynada real toqquşma ilə nəticələnir. İndi bütün bu bəyanatların iki dövlət arasındakı münasibətlərə təsiri, əlbəttə, mənfi olacaq. Amma ABŞ və Rusiya arasında ciddi problemlər çoxdan var idi. Bu, yeni mənzərə hesab edilə bilməz. Ukrayna münaqişəsi ilə bu bir növ hərbi müstəviyə daşındı. İndi Tramp gərək digər problemlərlə ciddi məşğul olmaqla yanaşı, həm də Rusiyanın hərbi-texniki bazasını zəiflətməklə məşğul olsun. ABŞ Rusiyanın daha ciddi maneələrlə üzləşməsi və itkilərlə qarşılaşması üçün Ukraynaya daha çox silah ayırmalı, daha çox maddi yardım etməlidir".
Nicat Rüstəmzadə
15:00 04.08.2025
Oxunuş sayı: 1030