Trampdan Medvedevə “ağıllı ol” mesajı!: “Rusiya nüvə silahı tətbiq edə bilər”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiya və Hindistanla bağlı tənqidlərinə cavab verib. Xarici KİV yazır ki, Medvedev Trampın “ölü iqtisadiyyat” fikirlərini istehza ilə qarşılayaraq, dolayısı ilə “ölü əl” adlanan nüvə cavab sisteminə işarə edib. Ekspertlərə görə, bu, Rusiya rəhbərliyi tamamilə məhv edilsə belə, ABŞ-yə qarşı avtomatik nüvə hücumunu təmin edən sistemdir.
Medvedevin ritorikası Rusiya ilə ABŞ arasında artan gərginliyin daha da dərinləşdiyini göstərir. “Ölü əl”ə eyham isə nüvə təhlükəsinin siyasi ritorikada yenidən alətə çevrildiyini göstərir və bu, qlobal sabitlik baxımından ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullayev Crossmedia.az-a açıqlama verib.
Politoloq Medvedevin daima Rusiyanın nüvə silahı tətbiq edəcəyini daima gündəmə gətirdiyini bildirib: “Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ və Rusiya münasibətləri də kəskinləşir və qarşılıqlı ittihamlar artıq yüksələn xətlə davam edir. Rusiyanın sabiq prezidenti Medvedev Trampun tənqidlərinə qarşı sərt ritorika ilə çıxış edir və nüvə cavab zərbəsi ilə hədələyir. Ağ Ev rəhbəri Rusiya və Hindistanı da hədələyir, çünki Hindistan Rusiya neftinin əsas alıcısıdır”.
Müsahibimiz bildirib ki, bundan əvvəl də Tramp Medvedevə "ağıllı ol" mesajını vermişdi: “Göründüyü kimi, qarşılıqlı ittihamlar çox ciddidir. Medvedev Rusiyanın nüvə silahı tətbiq edəcəyini daim gündəmə gətirir. Bu bir növ ABŞ-yə “əzələ nümayişidir”, həmçinin psixoloji üstünlük əldə etməkdir. Düşünmürəm ki, ABŞ rəhbərliyi Rusiyanın bu təhdidlərindən geri çəkilsin. Çünki, bu, ABŞ-nin beynəlxalq müstəvidə mövqeyinin ciddi şəkildə zəifləməsinə gətirib çıxara bilər. Əgər ABŞ Ukraynaya çox ciddi silahlar verər, iqtisadiyyatını hədəf alarsa, Rusiya Ukraynada kimyəvi silah, çirkli bomba, hətta kiçik ölçülü nüvə silahı da tətbiq edə bilər”.
Nicat Rüstəmzadə
22:09 01.08.2025
Oxunuş sayı: 1294