Rusiya və Ukrayna danışıqlar masasına oturur: "Yaxın gələcəkdə sülh prosesinin tam nəticə verməsi..."

Rusiya ilə Ukrayna arasında illərdir davam edən müharibə minlərlə insanın həyatına son qoyub, bölgədə humanitar və geosiyasi böhranı daha da dərinləşdirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu çərçivədə sülh perspektivlərinə toxunaraq bildirib ki, gələcəkdə münaqişə tərəfləri arasında növbəti danışıqlar yenidən Türkiyədə keçirilə bilər.
Ərdoğan xatırladıb ki, daha əvvəl İstanbulda baş tutan görüşlər nəticə vermişdi – taxıl dəhlizi açılmış, əsir mübadilələri həyata keçirilmişdi. Prezidentin fikrincə, bu kimi müsbət addımlar gələcək sülh üçün müəyyən ümidlər formalaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elşad Mirbəşiroğlu xatırladıb ki, iyulun 23-də Rusiya və Ukrayna nümayəndələri arasında Türkiyədə üçüncü görüş baş tutub: “Bildiyimiz kimi, bir neçə gün öncə – iyul ayının 23-də – Türkiyədə Rusiya ilə Ukrayna arasında üçüncü görüş keçirildi. Bundan öncə də iki dəfə tərəflər arasında görüş olmuşdu. Ümumilikdə bu danışıqların nəticəsi daha çox humanitar xarakterli addımlarla yadda qaldı. Məsələn, həlak olanların cəsədlərinin qarşılıqlı dəyişdirilməsi kimi proseslər həyata keçirildi. Sonuncu görüşdə də buna bənzər qərar qəbul edildi. Amma növbəti danışıqların keçiriləcəyi ilə bağlı hər hansısa rəsmi anons verilmədi.”
Politoloqun sözlərinə görə, Ərdoğanın bu tip bir sülh masasının yenidən Türkiyədə qurula biləcəyi barədə dedikləri müəyyən nikbinlik yaradır: “Türkiyə həm Ukrayna, həm də Rusiya ilə yaxın münasibətlərə malikdir. Siyasi əlaqələr, ticarət və iqtisadi əməkdaşlıq baxımından hər iki ölkə ilə sıx münasibətləri mövcuddur. Bundan əvvəlki görüşlərin də Türkiyədə keçirilməsi onu göstərir ki, həm Moskva, həm də Kiyev üçün etibarlı vasitəçi ölkə məhz Türkiyədir. Rusiya prezidenti dəfələrlə Ərdoğana etimad bəslədiyini bildirib. Eyni münasibət Ukrayna Prezidenti tərəfindən də nümayiş etdirilir.”
Sonda E.Mirbəşiroğlu əlavə edib ki, yaxın gələcəkdə sülh prosesinin tam nəticə verməsi real görünməsə də, Türkiyənin vasitəçiliyi ilə atılacaq addımlar münaqişənin tənzimlənməsi istiqamətində müsbət təsir göstərə bilər:
“Əgər tərəflər arasında sülh masası qurularsa və mövqelərin yaxınlaşdırılması istiqamətində irəliləyiş əldə olunarsa, bu, ümumi sülh prosesinə ciddi töhfə verə bilər. Bu baxımdan Türkiyənin prosesdə təsirli rolu ola bilər.”
Mehriban Yariyeva
14:52 29.07.2025
Oxunuş sayı: 1494