Rusiya - Ukrayna müharibəsi ilə bağlı müjdəni Ərdoğan verdi: "Razılığın əldə olunması mümkündür"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 28-də Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib ki, Rusiya ilə Ukrayna arasında müzakirə masası İstanbulda qurulduğu kimi, uzaq olmayan tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, qanlı müharibəyə son qoyulacaq.
Ərdoğan söyləyib ki, iyulun 23-də baş tutan üçüncü raunddan sonra ən azı 1200 əsir dəyişdirilib: "Bu müharibənin artıq bitməsi lazım olduğuna inanırıq. Hər fürsətdə deyirik ki, ev sahibliyinə hazırıq".
Türkiyə liderinin səsləndirdiyi bu fikirlər beynəlxalq ictmaiyyət arasında rezonansa səbəb olub. Belə ki, Ərdoğan kifayət qədər ciddi və karizmatik lideridr. Çoxları bilir ki, o, hər bir sözünə diqqətlə yanaşır, sadəcə danışmaq xətrinə vəd vermir. Doğrudanmı, prezidentin bildiyi, amma hələ geniş ictimaiyyətə açıqlanmayan "ümid işığı" var?
Bu barədə Crossmedia.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, Türkiyənin ev sahibliyi istisna edilməməlidir, çünki Ankara son zamanlarda münaqişələrin həll olunması ilə bağlı kifayət qədər önəmli bir vasitəçi ölkəyə çevrilib.
O, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir neçə raund İstanbul görüşünün keçirilməsini vəər görüşlər nəticəsində humanitar əsaslı nəticələrin əldə olunmasını misal çəkərək, yaxın gələcəkdə ola biləcək mümkün sülh danışıqlarının davamının da məhz Türkiyənin vasitəçiliyi ilə həyata keçirilə biləcəyini qeyd edib: "Lakin ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaxın perspektivdə sülh müqaviləsinin və ya hətta bir neçə ay ərzində atəşkəsin əldə olunacağını düşünmürəm. Ən azı yay aylarının sonuna qədər müharibənin bir cəbhədə davam etməsi ehtimalı kifayət qədər yüksəkdir. Belə şəraitdə müharibənin dayanması ilə bağlı ciddi nəticələr inandırıcı görünmür. Yaxın gələcəkdə olmasa da, ümumiyyətlə perspektivdə Türkiyənin vasitəçiliyi ilə hansısa razılığın əldə olunması mümkündür. Bu versiyasını istisna etmirəm".
Mehriban Yariyeva
13:20 29.07.2025
Oxunuş sayı: 1825