Kremldən Trampa "Net" cavabı: Şərqi Avropada "üfüq qaranlıqdır"

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskinin avqustun sonuna qədər görüşünün mümkünlüyünə şübhə ilə yanaşdığını ifadə edib.
D.Peskov qeyd edib ki, prezidentlərin görüşü münaqişənin həllində nöqtə qoymalı və işlənib hazırlanacaq razılaşmaları təsbit etməlidir.
Halbuki daha əvvəl ABŞ lideri Donald Tramp həmkarlarını bir araya gətirmək istədiyini demişdi. Peskovun dediklərindən belə çıxır ki, Moskva Vaşinqtonun bu təklifinə "Net" deyir. Bu, Rusiyanın müharibəni davam etdirmək iddiasının təzahürü kimi qiymətləndirilə bilərmi?
Bu
barədə Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev söyləyib ki, liderlərin
arasında görüşün baş tutması üçün bir sıra şərtlər yerinə yetirilməlidir:
"Birinci növbədə etimad mühiti bərpa edilməlidir. Faktiki şəkildə hər iki
ölkə arasında etimad olmalıdır ki, liderlər görüşsün. Bundan başqa hər iki ölkənin
bir-birindən tələbləri var. Məsələn, Rusiya Ukrayna ordusunun Donbass bölgəsindən
tamamilə çəkilməsini tələb edir. Artıq bundan sonra danışıqlara başlayacağı barədə
işarə verib. Əgər bu olarsa, proses başlaya bilər. İkinci məsələ Ukraynanın tələbidir. Kiyev heç bir güzəştə
getməyəcəyini bildirib və Rusiyadan bütün ərazilərini boşaltmağı tələb edir. Bu
məsələlərlə yanaşı nəzərə alaq ki, tərəflərin bir-birinə hücumları da davam
edir. Ukrayna dünən gecə və bu gün səhər saatlarında Rusiya əraizisinə kütləvi
şəkildə dron hücumları həyata keçirib. Eyni zamanda Rusiyanın özü də Ukraynanı
bombalamağa davam edir. Hazırda etimad mühiti yoxdur. Rusiyadan dəfələrlə
bildirilib ki, əməliyyatlar öz məqsədinə çatmasa bitməyəcək. Məqsədin nə olduğu
barədə hər dəfə müxtəlif açıqlamalar verilir. Əvvəl Ukraynanı xilas edib,
Ukraynanın legitimliyini tanıyan bir hökümət quracaqlarını deyirdilər. Daha
doğrusu, Ukraynada özlərinə sadiq "kukla höküməti" qurmaq istəyirdilər.
Sonradan başa düşdülər ki, Kiyevi tuta bilməyəcəklər və məqsədlərindən imtina
etdilər. Ümumilikdə inanmıram ki, Rusiya məqsədlərinə tez bir zamanda nail
olsun. Görüş keçirilsə belə, uğurla nəticələnməyəcək”.
17:05 26.07.2025
Oxunuş sayı: 1608