Azərbaycan əsilli tanınmış jurnalist Rusiyada vəzifəsindən azad edildi: "Putin çox böyük səhv etdi, altından çıxa bilməyəcək"

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman vəzifəsindən azad olunub. Bu barədə qərarı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb. Qusman 30 ilə yaxın TASS-da çalışıb, “Güc formulu” verilişinin müəllifi və aparıcısı, həmçinin bir sıra beynəlxalq media və YUNESKO strukturlarının üzvüdür.
M.Qusman təkcə Rusiyanın tanınmış simalarından biri deyil. O, həm də Azərbaycana xüsusi sevgisi ilə seçilən ictimai- siyasi şəxslərdəndir. Daha dəqiq desək, o, məhz Bakıda anadan olub. Sonrakə peşəkar fəaliyyətində M.Qusman dəfələrlə Azərbaycana gəlib, beynəlxalq konfranslarda iştirak edib, ölkə rəhbəri ilə görüşüb. Azərbaycanda TASS-ın baş direktorunun müavininə sevgi də, hörmət də kifayət qədərdir. Bunu Rusiyada da bilirlər. Elə isə onun vəzifədən çıxarılması sadəcə kadr dəyişikliyi kimi qiymətləndirilə bilərmi? Xüsusilə bunun Moskvanın süni şəkildə Bakı ilə münasibətləri gərginləşdirdiyi vaxta təsadüf etməsi diqqət çəkir...Yoxsa, bu da Rusiyanın növbəti "tikanlı" davranışıdır?
Bu barədə Crossmedia.az-a danışan BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli söyləyib ki, Rusiya Prezidenti Vladimir Putin həm də Azərbaycana, həm də yəhudilərə zərbə vurmaq istəyir: "Putin anlamaq istəmədi ki, Qusman əslən azərbaycanlıdır. Mixail Azərbaycanda böyüyüb, azərbaycanlı xarakterinə, ağlına və yaşayış tərzinə malik biridir. Bütün bunlar gərək nəzərə alınardı. Birincisi, Putin Qusmanın Azərbaycana olan sevgisinin əleyhinə çıxdı. İkincisi, dediyim kimi, Putin həm Azərbaycana zərbə vurmaq istəyir, həm də yəhudilərə. Ona görə də Putin bu məsələdə uduzacaq. Heç istəməzdim ki, Kreml belə xırda şeylərə qədər gəlib çıxsın. Qusman Azərbaycan mediasının çox hörmət etdiyi bir şəxsiyyətdir və ola bilsin, Azərbaycan mediası onu ən yaxşı bir vəzifəyə dəvət edəcək. Buna görə də Qusmanın vəzifəsindən olması heç vecinə olmuyacaq.Mixail kimi bir böyük, media məktəbi yaratmış şəxsiyyətin vəzifəsindən azad edilməsi Rusiya mediasının nə günə düşdüyünü bir daha sübut etdi”.
C.Məmmədli Rusiyanın bu addımının siyasi motivli olduğunu bildirib: “Yüz faiz siyasi motivlidir. Azərbaycan-Rusiya münasibətlərində həmişə balansı qorumaq istəmişəm, amma iş Qusmanın vəzifəsindən azad olmasına gəldikdə əsəbləşməmək olmur. Əlbəttə ki, siyasi motivdir. Putinin çox böyük səhvidir. Öz səhvidir və bu səhvin də altında çətin dayanacaq”.
Nicat Rüstəmzadə
13:40 25.07.2025
Oxunuş sayı: 1456