“Tənqidi oxu – analitik təfəkkürün inkişafına dair təşəbbüslər” layihəsi çərçivəsində seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Tənqidi oxu” - analitik təfəkkürün inkişafına dair təşəbbüslər qrant layihəsinin seminar proqramı keçirilib.
Crossmedia.az-a İctimai Birlikdən bildirilib ki, seminarda respublikanın müxtəlif təhsil ocaqlarından 20 pedaqoq iştirak edib.
Layihə rəhbəri Gülmirə Müseyibova qrant layihəsinin məqsədi haqqında məlumat verib.
Sumqayıt Dövlət Universitetinin baş müəllimi Aynurə Bağırova tənqidi oxu bacarıqlarının inkişafında istifadə edilən elmi-metodoloji yanaşmaları, onların üsul və nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.
“Yuvam” MMC-nin direktoru, pedaqoq Sevinc Atakişiyeva oxu vərdişlərinin aşılanması üsulları ilə yanaşı, uşaqlarda anlama bacarıqlarının formalaşdırılmasının pedaqoji metodları barədə məlumat verib.
Disleksiya üzrə təlimçi İlahə İslamzadə uşaqlarda oxuyub-yazmaq və anlamaq çətinliklərinin yaranma səbəbləri, onların ortaya çıxarılması və mümkün olduğu halda aradan qaldırılması metodları və yolları barədə seminar iştirakçılarını məlumatlandırıb.
Seminar boyu layihənin ekspertləri Reyhan Mənəfova və Elmira Ağayeva təlim prosesini yaxından izləyərək keyfiyyət və effektivlik baxımından prosesi yüksək qiymətləndiriblər. Ekspertlər müəllimlərin fəallığını, mövzulara marağını və öyrənməyə olan motivasiyasını xüsusilə qeyd ediblər.
Diskussiya şəraitində keçən seminarda iştirakçılara oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinin müasir yanaşmaları, metodologiyası və üsulları barədə ətraflı məlumat verilib.
Sonda çıxış edən Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov bu kimi maarifləndirici seminarların davamlı təşkil edilməsinin nəzərdə tutulduğunu deyib. O bildirib ki, belə seminarların təşkil edilməsində əsas məqsəd təhsil işçilərinin peşəkar inkişafına dəstək olmaq və onların müasir tədris meyarlarına uyğun hazırlığını təmin etməkdir. Layihə çərçivəsində iştirakçılar üçün xüsusi metodik vəsait də çap ediləcək.
Metodik vəsait müəllimlərə tədrisdə tənqidi oxu bacarıqlarının formalaşdırılması və şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi istiqamətində praktik dəstək göstərilməsi məqsədilə hazırlanıb.
Seminarda iştirak edən müəllimlərə sertifikatlar təqdim olunacaq.
18:25 22.07.2025
Oxunuş sayı: 767