Deputatdan jurnalistlərə: "Həqiqətimiz daim qalib olsun"

Bu gün Azərbaycan Milli Mətbuatının 150 illiyi yubileyi tamam olur. Düz yarım əsr əvvəl Həsən bəy Zərdabinin "Əkinçi"si ilə başlayan yol şərəflə davam etməkdədir. Doğrudur ki, mətbuatda çox şey dəyişib: Təqdimatdan formaya, janra qədər. Gələcəkdə necə olacaq, növbəti yubileylərimizi necə, jurnalistikada hansı yeniliklər əhatəsində qeyd edəcəyik, bilmirik. Amma bu, dəqiqdir: söz və "Əkinçi" ruhu həmişə yaşayacaq. Həsən bəyə daim rəhmət oxunacaq.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı milli mətbuatın 150 illiyi barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "Bu il Azərbaycan milli mətbuatının 150 illiyini böyük qürur və iftixarla qeyd edirik. Bu əlamətdar tarix yalnız mətbuatın deyil, həm də milli düşüncənin, maarifçiliyin, söz azadlığının və ictimai inkişafın parlaq təntənəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız, bu gün müstəqil Azərbaycanın informasiya cəbhəsində etibar qalasına çevrilib. Azərbaycan mətbuatı tarix boyu xalqın səsinin, dövlətin tərəqqisinin, ictimai fikrin aynası olub. Mətbuatımız müstəqillik uğrunda mübarizədə, milli kimliyin formalaşmasında, vətəndaş cəmiyyətinin inkişafında əvəzsiz rol oynayıb. Xüsusilə də, Vətən müharibəsi dönəmində mətbuatımızın göstərdiyi prinsipial mövqe, informasiya savaşında qazandığı zəfər bu sahənin nə qədər strateji və taleyüklü olduğunu bir daha sübut etdi"
Siyasətçi qeyd edib ki, zəmanəmizin reallığında jurnalistika təkcə xəbər yayımı ilə kifayətlənmir, o, eyni zamanda milli maraqların qoruyucusu, ictimai şüurun formalaşdırıcısı, cəmiyyət-dövlət münasibətlərində körpü rolunu oynayan bir təsisatdır: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan mediası sürətlə inkişaf edir, müasir çağırışlara uyğunlaşır və beynəlxalq informasiya məkanında öz mövqeyini möhkəmləndirir. Jurnalistlərimizin peşəkarlığı, əqidə sadiqliyi və vicdanlı fəaliyyəti Azərbaycan cəmiyyətində böyük rəğbət qazanır. Medianın azad, obyektiv və məsuliyyətli olması üçün yaradılan hüquqi və institusional baza isə dövlətimizin söz və fikir azadlığına verdiyi yüksək dəyərin bariz nümunəsidir. Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə jurnalistləri, ümumilikdə bütün media mənsublarını səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, milli mətbuatımız gələcəkdə də Azərbaycanın inkişafına, haqq səsinin dünyaya çatdırılmasına xidmət edəcək, informasiya cəbhəsində ölkəmizin mövqelərini daha da möhkəmləndirəcək. Sözümüz ucalarda, həqiqətimiz daim qalib olsun".
Kənan Novruzov
15:22 22.07.2025
Oxunuş sayı: 3979