Qərbdən Ukrayna ilə bağlı gecikmiş qərar: Sonrakı peşmanlıq fayda verəcəkmi?

Almaniya yaxın günlərdə ABŞ ilə birlikdə Ukraynaya daha iki “Patriot” hava hücumundan müdafiə sistemi tədarük etmək üçün müqavilə imzalamağa hazırlaşır. Qeyd edək ki, Berlin artıq 12 sistemdən 3-nü Kiyevə verib. Bu yeni tədarük Ukraynanın Rusiyanın davamlı raket və dron hücumlarına qarşı müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək. “Patriot” sistemləri sayəsində Ukraynanın strateji və mülki obyektləri daha effektiv şəkildə qorunacaq, bu da regionda geosiyasi tarazlığın dəyişməsinə yol aça bilər. Eyni zamanda bu qərar Qərbin Rusiyanın aqressiv siyasətinə qarşı birlik və iradə nümayiş etdirməsinin mühüm göstəricisidir.
Perspktivdə "Patriot"ların tədarükünün müharibənin gedişinə necə təsir edəcəyi barədə Crossmedia.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Almaniya və ABŞ-nin bu addımı Ukraynanın müdafiə imkanlarını daha da gücləndirəcək: “Bildiyimiz kimi, Rusiya mütəmadi olaraq Ukraynanın mülki əhalisinə və infrastrukturuna qarşı raket və dron hücumları həyata keçirir. Yeni "Patriot" sistemlərinin verilməsi bu hücumların səmərəliliyini azaldacaq. Çünki bu sistemlər raket və dronları yüksək dəqiqliklə məhv etmək gücünə malikdir. Məsələn, Rusiya tərəfindən atılan 100 raketdən 50-si və ya daha çoxu artıq hədəfə çatmayacaq".
Ü.Cəfərov bildirib ki, bu təkcə hərbi deyil, iqtisadi baxımdan da Rusiyaya ciddi zərbə olacaq: “Rusiya Şimali Koreya və İran kimi ölkələrdən aldığı raket və dronların effektivliyini itirəcək, bu isə həm taktiki, həm də maliyyə baxımından onun üçün mənfi nəticələr doğuracaq. Qərbin bu addımı gecikmiş qərardır. Bu silah və sistemlər Ukraynaya xeyli əvvəl verilməli idi. Təəssüf ki, nə ABŞ-nin prezidenti Donald Tramp, nə də Almaniyanın əvvəlki kansleri zamanında düzgün və vaxtında addımlar atılmadı. Bu da Ukraynanın bu gün üzləşdiyi bir çox problemlərin yaranmasına səbəb oldu".
Ekspert əlavə edib ki, artıq müharibə yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır: “Ukrayna ordusunun dron hücumları Rusiyanın hava limanları və digər strateji obyektlərinə ciddi zərbə vurur. Bu da Rusiyanın iqtisadi və hərbi imkanlarını zəiflədir. Qarşıdakı həftələrdə göndəriləcək "Patriot" sistemləri Ukrayna üçün əlavə güc, Rusiya üçün isə yeni çətinliklər yaradacaq. Bu həm hərbi, həm də siyasi müstəvidə ciddi təsir göstərəcək. Regionda güc balansı Ukraynanın xeyrinə dəyişməyə başlayır".
Mehriban Yariyeva
13:40 22.07.2025
Oxunuş sayı: 978