NATO Kalinqrada zərbə planı hazırlayır - ŞOK

Rusiya ilə Qərb arasında gərginliyin artdığı bir vaxtda NATO-nun Kalinqrad bölgəsi ilə bağlı verdiyi son xəbərdarlıq beynəlxalq siyasi gündəmin əsas mövzusuna çevrilib. ABŞ-ın Avropa və Afrika qoşunlarının komandanı, general Kristofer Donahyu açıq şəkildə bəyan edib ki, zərurət yarandığı təqdirdə Kalinqrad “yerüstü vasitələrlə görünməmiş sürətlə” məhv edilə bilər.
Siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, bu açıqlama Qərbin Kremlə verdiyi ciddi bir mesajdır:
“NATO-nun Kalinqradla bağlı xəbərdarlığı olduqca böyük əhəmiyyət daşıyır. Qərb dairələri artıq Rusiyanın zəifləmiş vəziyyətini dəyərləndirərək, onun ən həssas nöqtələrinə zərbə endirməklə təzyiq strategiyası formalaşdırırlar.”
Kalinqrad – Rusiyanın zəif bəndi
Elçin Xalidbəylinin fikrincə, Kalinqradın geosiyasi statusu Rusiyanı ciddi çətinliklərə sürükləyə bilər:
“Əslində Kalinqrad tarixi baxımdan Rusiya şəhəri deyil. Bu bölgə İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı tərəfindən işğal edilərək Rusiyanın ərazisinə qatılıb. Hazırda isə bu anklav bölgəyə keçid yalnız Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya üzərindən mümkündür. Həmin ölkələr isə artıq dəfələrlə Kalinqrada gedən dəhlizi bağlaya biləcəklərini bəyan ediblər.”
Bununla yanaşı, NATO-nun bölgədə mövcudluğu və Polşa, Baltikyanı ölkələrin ittifaq daxilindəki rolunun artması Kalinqradı daha da təcrid olunmuş vəziyyətə salır. Siyasi şərhçi hesab edir ki, bu vəziyyət Kremlin strateji baxımdan əlini zəiflədir:
“Hazırda NATO Rusiyanın bütün Qərb sərhədlərini əhatəyə alıb. Kalinqrad isə faktiki olaraq Polşa, Ukrayna və Baltik regionlarının arasında, NATO qüvvələrinin təsiri altına düşmüş bir nöqtəyə çevrilib.”
Elçin Xalidbəylinin sözlərinə görə, Rusiya üçün Kalinqradı qoruyub saxlamaq getdikcə daha da çətinləşəcək:
“Dünya dəyişir. Yeni bir beynəlxalq düzən formalaşır. Rusiyanın qeyri-qanuni ilhaq etdiyi və işğal yolu ilə əldə etdiyi əraziləri əvvəl-axır geri qaytarması qaçılmazdır. Bu dəyişikliklər qarşısında Kreml yeni reallıqlarla hesablaşmaq məcburiyyətində qalacaq.”
Moskva böyük ehtimalla Kalinqradı sonadək müdafiə etməyə çalışacaq. Lakin bu, Rusiyanın resurslarını daha da tükəndirəcək və Ukrayna ilə yanaşı ikinci bir cəbhə formalaşdıracaq.
“Rusiya indi başqa ölkələrə qarşı yaratdığı problemlərin eynisini artıq özü yaşayır. Vaxtilə digər dövlətlərə qarşı törətdiyi təzyiq siyasətinin bənzər nümunələri indi Rusiyanın üzərinə yönəlib. Kreml bu cür davranışların nəticələrinin nə qədər təhlükəli olduğunu gec də olsa anlamağa başlayır,” – deyə şərhçi vurğulayıb.
Mehriban Yariyeva
20:05 18.07.2025
Oxunuş sayı: 2437