"Rusiya tərəfi bu müharibədə kifayət qədər yorğun görünür" - Şəxsi heyət çatışmazlığı və maliyyə sıxıntısı var

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinə ictimai dəstəyin azalması fonunda könüllü səfərbərliyi gücləndirməyə çalışır. O, 6 iyulda Moskva şəhərində keçirilən “Qələbə üçün hər şey” forumunda çıxış edərək, Xalq Forumunun fəaliyyətini yüksək qiymətləndirib. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, Putin bu yolla məcburi səfərbərlik ehtiyacını azaltmağa çalışır. İnstitutun analizinə görə, Kremlin bu istiqamətdəki addımları ictimai narazılığın qarşısını almağa yönəlib.
Mövzu ilə bağlı Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib.
Ədalət Verdiyevin sözlərinə görə, Rusiyanın miqrantlara qarşı həyata keçirdiyi tədbirlər, şübhəsiz ki, Rusiya ordusunun Ukrayna müharibəsində üzləşdiyi ciddi heyət çatışmazlığı ilə birbaşa əlaqəlidir: "Hazırda Rusiyanın miqrantlara qarşı başladığı fəaliyyətlər birmənalı olaraq Rusiya ordusunun Ukrayna müharibəsinsə qarşılaşdığı ciddi heyət çatışmazlığı ilə bir başa bağlıdır".
Ə.Verdiyev Rusiyanın miqrantlara müharibədə iştirak və ya pul ödəmə seçimləri təklif etdiyini bildirib: "Kreml rəhbərliyi hazırda müharibənin davam etdirilməsi üçün həm şəxsi heyət çatışmazlığı, həm də maliyyə sıxıntısı ilə üzləşib. Bu çətinlik fonunda saxlanılan şəxslərə – əsasən də digər ölkələrdən gəlib Rusiyada yaşayan miqrantlara – iki variant təklif olunur: ya Rusiya büdcəsinə maliyyə vəsaiti köçürmək, ya da müqavilə imzalayaraq Ukrayna ərazisində hərbi xidmətə göndərilmək".
Hərbi ekspert Rusiyada tam səfərbərlik ehtimalının gündəmdə olduğuni bildirib: "Rusiya tərəfi bu müharibədə artıq kifayət qədər yorğun görünür. Bu səbəbdən əlavə tədbirlərin görülməsi və ya tam səfərbərlik elan olunması məsələsinin gündəmə gətirilməsi gözləniləndir".
Fatimə Nəbiyeva
15:10 08.07.2025
Oxunuş sayı: 689