Ukraynada "daş qayaya rast gəlib": Tramp "tamam", Putin "davam" deyir

Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Rusiya-Ukrayna müharibəsini, İran, Suriya və Yaxın Şərqi müzakirə edib.
Rusiya mübahisəli məsələlərin, fikir ayrılıqlarının və münaqişəli vəziyyətlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb.
Söhbət zamanı liderlər Suriyadakı son hadisələrə də toxunublar.
Məlumata görə, Tramp Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini yenidən gündəmə gətirib. Putin isə qeyd edib ki, Moskva Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa çalışacaq və öz məqsədlərindən geri çəkilməyəcək.
Liderlərin ikisi də deyir ki, dediyim dedikdir. Necə deyərlər, daş qayaya rast gəlib, deyəsən...
Bu ziddiyyət barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya müharibənin qısa müddətdə bitəcəyini düşünürdü, lakin hadisələr tam fərqli məcrada inkişaf etdi:
"Rusiya indiyə qədər Ukrayna müharibəsinin çox qısa bir müddətdə başa çatacağı ilə bağlı kifayət qədər bəyanatlar səsləndirib. Zaman-zaman Ukrayna hətta nüvə silahı ilə də təhdid olunur. Lakin müharibədə qələbələr yalnız bəyanat və açıqlamalarla əldə olunmur. Rusiyanın geri çəkiləcəyinə inanmıram. Əksinə, hər zaman qeyd etmişəm ki, Rusiyanın işğal etdiyi ərazilərdən geri çəkilməsi hazırkı reallıqlar çərçivəsində mümkün deyil."
Ekspertin fikrincə, müharibə rəsmi olaraq davam etsə də, hər iki tərəf ciddi çətinliklərlə üzləşib: "Savaş əslində formal olaraq davam edir. Ukraynanın silah əldə etməsində ciddi problemləri yaranıb. ABŞ bu prosesdə iştirakını kifayət qədər azaldıb, Avropa isə Ukraynanı silahla təmin etmək imkanlarına malik deyil. Digər tərəfdən, Rusiyanın da müharibədəki itkiləri artır. Bu həm şəxsi heyət, həm də maliyyə baxımından ciddi problemlərə səbəb olub. Rusiya iqtisadi və sosial baxımdan bu yükü daşımaqda çətinlik çəkir. İki böyük dövlət arasında baş verən bu müharibənin yaxın perspektivdə, ən azı bu il ərzində başa çatması gözlənilmir. Danışıqlar prosesi isə real nəticə verməyəcək və formal xarakter daşımağa davam edəcək. Rusiyanın son bəyanatları da bu prosesin mənasız olduğunu bir daha nümayiş etdirir."
Müsahibimiz düşünür ki, müharibə yalnız tərəflərdən birinin məğlubiyyəti ilə başa çata bilər: "Bu isə yaxın gələcəkdə real görünmür, çünki Ukraynanın müqavimət göstərmək, Rusiyanın isə işğal siyasətini davam etdirmək üçün müəyyən resursları və potensialları hələ də mövcuddur."
Mehriban Yariyeva
12:44 05.07.2025
Oxunuş sayı: 1171