“Rusiya gələcəkdə çox ciddi faciələrlə üzləşməmək üçün zamanında durmalıdır” - Deputat

Son günlər Rusiya tərəfindən Azərbaycanın ünvanına səsləndirilən bəzi ittihamlar, xüsusilə də rəsmi Moskvanın müraciətlərinə cavab verilmədiyi iddiaları regionda siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Bu açıqlamalar ictimaiyyətdə və ekspert dairələrində geniş rezonans doğurub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə məsələ ilə bağlı dərhal və faktlara əsaslanan cavab verərək, irəli sürülən iddiaların tamamilə əsassız olduğunu, Azərbaycanın heç bir müraciəti cavabsız qoymadığını bildirib. Bu cür ritorik gərginliklər fonunda Azərbaycan-Rusiya münasibətləri daha çox diqqət mərkəzinə gəlir və regionda dəyişən geosiyasi balans, maraqlar toqquşması və strateji yenidənqurma şəraitində bu münasibətlərin hansı istiqamətə yönələcəyi mühüm əhəmiyyət daşıyır. Hazırkı şəraitdə tərəflər arasında dialoqun və qarşılıqlı anlayışın qorunması regional sabitliyin əsas şərtlərindən biri kimi qalmaqdadır.
Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
“Rusiya ilə Azərbaycan arasındakı gərginlik Rusiyanın hüquq mühafizə orqanlarının konkret olaraq Federal Təhlükəsizlik Xidmətinin (FTX) Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətkar fəaliyyət nəticəsində yaranıb. Rusiyanın təqsiri ucbatından münasibətlər gərginləşib. Rusiyada soydaşlarımız qətlə yetirilib, işgəncələrə məruz qalıb və təəssüf ki, bu davam edir. Bütün bunların fonunda Rusiya heçvaxt öz günahını Azərbaycanın üstünə ata bilməz. Rusiya tərəfinin iddiaları da əsassızdır. XİN mətbuat xidməti rəisi Ayxan Hacızadənin vurğuladığı kimi Rusiya rəsmilərinin müraciətləri vaxtında cavablandırılıb. Bütün bunlar Rusiyanın növbəti yalanı və Azərbaycanı təqsirləndirmək cəhdləridir. Rusiya başa düşməlidir ki, Azərbaycanla Rusiya bərabərhüquqlu dövlətdir və o yalnız bu fonda Azərbaycanla danışa bilər. Yuxarıdan aşağı baxmaqla, təzyiqlər etməklə Azərbaycanı nəyəsə məcbur etmək qeyri-mümkündür. Azərbaycan bölgədə reallıqları dəyişən güc sahibi dövlətdir. Qürurvericidir ki, Azərbaycan prezidenti cənab İlham Əliyev “Mən 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm” deyir. Və bu fikir özündə çox böyük məna ehtiva edir. Bunu Rusiya rəhbərliyi də başa düşməli, Azərbaycanla qonşuluq münasibətlərini davam etdirmək istəyirsə səhvini etiraf edib geri addım atmalıdır. Əgər Rusiya Azərbaycan, paralel olaraq Türkiyə ilə də bu cür addımlarla münasibətləri korlamaq istəyirsə, təbii ki, bu Rusiyanın çöküşünü tezləşdirəcək. Gələcəkdə çox ciddi faciələrlə üzləşməmək üçün zamanında durmalıdırlar”.
Ayhan
17:30 04.07.2025
Oxunuş sayı: 808