“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb

“Meydan" TV işi üzrə həbs olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Crossmedia.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən proseslərdə qərar verilib.
Qərara əsasən, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı), Ülviyyə Əli (Quliyeva) barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
Mart ayında isə Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.
17:40 24.06.2025
Oxunuş sayı: 797