Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi keçirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan Azad Məmmədlinin ötən prosesdə verdiyi ifadəyə münasibət bildirmək üçün söz istəyib. Məhkəmə ona şərait yaradıb.
Martin Ryan bildirib ki, Azad Məmmədlinin ifadəsi əsaslı deyil: “O deyib ki, guya mən bəzi Azərbaycan vətəndaşlarını Fransa kəşfiyyatının nümayəndələri ilə tanış etmişəm. Lakin bu, belə deyil. İstintaq zamanı bütün şəxslərin adlarını vermişəm. Həmin şəxslərlə əlaqəsi yaxşı olan Fransa səfirliyinin əməkdaşı Z.M. olub. O, həmin şəxslərlə təkbətək də görüşüb. Nə bilmişəmsə, hamısını istintaq zamanı bildirmişəm.
Martin Ryan daha sonra ifadəsində göstərib ki, işdə adı keçən Ü.Ə. var: “Sonradan öyrəndim ki, Frederik Devos Fransa kəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır. Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos təhlükəli adamdır, Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib”.
Azad Məmmədli isə bildirib ki, Martin bu çıxışında da yalan danışır və bunu sübut edə bilər:
“Martin Ryan bu çıxışında da yalan danışır. Bunu sübut etməyim üçün faktları toplayıb, məhkəməyə bildirməyim üçün mənə az müddət lazımdır. Martin bəzi Azərbaycan vətəndaşlarını və 1 xarici vətəndaşı Fransanın kəşfiyyat nümayəndələri ilə tanış edib. Martin fransız dili tədrisi və şahmat dərsləri keçmək adı ilə bəzi şəxslərin məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmət orqanlarına ötürüb”.
Daha sonra təqsirləndirilən Martin Ryanın ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Məlum olub ki, Martin Ryan Fransada Beynəlxalq münasibətlər fakültəsində təhsil aldığı müddətdə R.M, F.H, E.A, E.S. ilə tanış olub.
O, bir müddət sonra E.S-nın dəvəti ilə Azərbaycana gəlib. Burada 10 gün qaldıqdan sonra Fransaya qayıdıb. Martin Ryan iki dəfə də R.M-in dəvəti ilə Bakıya gələrək 3 həftə qalaraq yenidən ölkəsinə qayıdıb.
Görüş ərəfəsində R.M-lə Fransa səfirliyinə gedib, onu əməkdaşlarla tanış edib.
2019-cu ilin dekabr ayında 4-cü dəfə Azərbaycana səfər etsə də, bir müddət qaldıqdan sonra Fransaya qayıdıb, orada az müddət qalıb və yenidən Azərbaycana geri dönüb. Daha sonra Frederik Devosla əlaqəsi yaranıb.
Martin Ryan bildirib ki, öncə Frederik Devosun Fransa xüsusi xidmət orqanlarında çalışdığını bilməyib. Daha sonra onun suallarından bunu hiss edib. Əsasən, enerji, neft-qaz, qonşu ölkələrlə əlaqə, hərbi əməkdaşlıqla bağlı suallar verib.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın silahları, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı suallar ünvanlayıb. Frederik gedəndən sonra onu Leron Lödi əvəzləyib. Onun suallarının məğzi də eyni olub.
Proses iyulun 21-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
11:40 24.06.2025
Oxunuş sayı: 957