Nüvə müharibəsinə dəqiqələr qalıb?: "Hobs" tələsi işə düşür...

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard sosial şəbəkədə yazıb ki, dünya heç vaxt olmadığı qədər nüvə məhvinə yaxındır.
O, 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmış Yaponiyanın Hiroşima şəhərinə son səfəri barədə məlumat verib.
“Bu, hazırda üzləşdiyimiz hər şeyin, ortada olanların reallığıdır”, – Qabbard bildirib.
“Çünki bu gün hamımız heç vaxt olmadığı qədər nüvə məhvinin astanasında olarkən, siyasi elitadan olan müharibə qızışdırıcıları qayğısızcasına nüvə dövlətləri arasında qorxu və gərginliyi artırırlar”.
Qabbard nüvə hücumunun nəticələrindən danışıb və zərbənin qurbanlarının arxiv kadrlarını göstərib. O vurğulayıb ki, müasir nüvə silahları ABŞ-nin 1945-ci ildə istifadə etdiyindən daha güclü olduğu üçün “bu gün bir nüvə döyüş başlığı cəmi bir neçə dəqiqə ərzində milyonlarla insanı öldürə bilər”.
Mümkün nüvə müharibəsi barədə Crossmedia.az-a danışan politoloq, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov deyib ki, Tulsi Qabbard açıqlamasında Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən məsələlərə toxunub: "O, Həmin proseslərin nəticəsinin nüvə müharibəsinə gətirəcəyini bildirir. Ukrayna ətrafında Rusiya və Qərbin toqquşmaq ehtimalı günü gündən artır. Bu gün NATO-nun sağ cinahı həm tarixdə olmadığı qədər güclüdür. NATO-nun sağ cinahındakı qüvvə və texnikalar Rusiyaya istiqamətləndirilib. Eyni zamanda Rusiya da istər Finlandiya ilə sərhəddə, istər Baltik ətrafında öz hərbi imkanlarını gücləndirməkdədir. Bu da hər iki tərəfi “Soyuq müharibə” də olduğu kimi tərəfləri “Hobs” tələsinə gətirir. Söhbər tərəflərdən birinin dünya müharibə gətirib çıxara biləcək atəşindən gedir".
Müsahibimiz söyləyib ki, hələ “Soyuq müharibə” dönəmində Çikaqo universitetinin alimləri “Məşhər günü saatı” adlı simvolik saat hazırlamışdılar: "Həmin saatda gecə saat 12 hipotetik şəkildə nüvə müharibəsini göstərirdi. “Soyuq müharibə” nin ən gərgin vaxtı 1962-ci il “Karib böhranı”da belə gecə saat 23:50-ni göstərirdi bu saat. Son bir neçə ildə isə həmin saat 23:59-u göstərir. Rusiya əgər Ukrayna ərazisində hərbi əməliyyatları genişləndirsə və Ukrayna ərazisini ələ keçirsə bu NATO-nun birbaşa müdaxiləsinə və nüvə silahından birbaşa istifadəyə gətirib çıxaracaq”.
Politoloq həmçinin Yaxın Şərqdəki təhlükədən də danışıb: “Digər tərəfdən Yaxın Şərqdə də vəziyyət gərginləşir. İran və İsrail qarşılıqlı şəkildə bir - birini təhdid edir. Bu münaqişə də genişlənəcəyi şəkildə nüvə silahından istifadə istisna edilməməlidir".
Ayhan Ağarzayev
15:41 11.06.2025
Oxunuş sayı: 13548