Politoloqdan sərt açıqlama: “Makron istefa verməzsə, Fransa qaranlığa qərq olacaq”

Fransa Prezidenti Emmanuel Makron ölkənin inkişafına maneə yarandığı təqdirdə parlamenti buraxmaq səlahiyyətindən istifadə edə biləcəyini bəyan edib. O, konstitusiyanın ona verdiyi bu hüquqdan imtina etməyəcəyini vurğulayıb və siyasi qüvvələrin məsuliyyətsizliyi ölkənin tərəqqisinə əngəl olarsa, müvafiq konstitusiya müddəalarına müraciət edəcəyini bildirib.
Fransa Konstitusiyasının Beşinci Respublika dövrünə aid 12-ci maddəsinə əsasən, Prezident ildə bir dəfə Milli Assambleyanı buraxmaq hüququna malikdir. Qanunvericiliyə görə, bu qərar qəbul edilməzdən öncə Baş nazir və parlamentin hər iki palatasının sədrləri ilə məsləhətləşmələr aparılır. Lakin yekun qərar Prezident tərəfindən təkbaşına verilir.
Fransada yaşanan siyasi böhranla bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, hazırda Prezident Makronun siyasi dayaqları ciddi şəkildə zəifləyib və ölkə daxilindəki vəziyyət kritik həddə çatıb. Onun rəhbərlik etdiyi siyasi qüvvələr artıq uzun müddətdir ki, ictimai etimadı itirib. 2024-cü ildən bu yana keçirilən Avropa Parlamenti və Fransa Milli Assambleyası seçkilərində Makronun komandası ardıcıl məğlubiyyətlərlə üzləşib.
Politoloqun sözlərinə görə, hazırda Fransada Makronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı konkret siyasi təşəbbüslər formalaşmaqdadır. Müxalif qüvvələr parlamentdə onun impiçment proseduruna cəlb olunması istiqamətində fəal mübarizə aparırlar. Ölkə tarixində ilk dəfə olaraq prezidentə qarşı impiçment təşəbbüsü rəsmi şəkildə parlamentin müzakirəsinə çıxarılıb. Bu, Makronun növbəti prezident seçkilərinədək səlahiyyətlərini itirə biləcəyi ehtimalını gündəmə gətirir və onun üçün son dərəcə həssas bir mərhələnin başlandığını göstərir.
Xalidbəylinin fikrincə, bu cür siyasi təlatümlər fonunda Makronun konstitusion səlahiyyətlərə istinad etməsi başadüşüləndir. Bununla belə, bu addım onun avtoritar meyllərini hüquqi çərçivədə əsaslandırmaq cəhdi kimi də qiymətləndirilə bilər. Çünki son illərdə Prezident tərəfindən qəbul olunan bir sıra qərarlar ölkədə siyasi azadlıqların məhdudlaşdırılması ilə nəticələnib, xüsusilə də müxalifətə fəaliyyət imkanı verən meydanlar daralıb. Bu isə cəmiyyət daxilində ciddi narazılıqlara səbəb olub.
Ekspert hesab edir ki, əgər Makron bu siyasi kursu davam etdirərsə, Fransa yaxın gələcəkdə dərin və çoxşaxəli siyasi böhranla qarşı-qarşıya qala bilər. Sözügedən böhran təkcə siyasi deyil, həm də sosial və iqtisadi gərginliklə müşayiət olunacaq. Bu isə genişmiqyaslı etiraz aksiyalarının alovlanması riskini artırır. Xüsusilə, Fransanın müstəmləkə zonalarında Parisə qarşı artan narazılıq və müqavimət də bu böhranın tərkib hissəsi kimi ön plana çıxır. Müstəmləkəçiliyə qarşı formalaşan hərəkatlar daxili narazılıqların coğrafiyasını daha da genişləndirir.
Xalidbəylinin qənaətincə, cərəyan edən proseslər fonunda Fransa artıq sürətlə dərin siyasi tənəzzül mərhələsinə qədəm qoyur. Ölkənin beynəlxalq nüfuzu xeyli zəifləyib, qlobal siyasi səhnədə təsir imkanları nəzərəçarpacaq dərəcədə azalıb. Bu baxımdan bir çox siyasi dairələr Prezident Makronu Fransanı böhrana sürükləyən lider kimi dəyərləndirir. Əgər yaxın vaxtlarda onun istefası gerçəkləşməzsə, Fransa ən mürəkkəb və gərgin dövrlərindən birini yaşaya bilər. Cəmiyyətdə formalaşan ictimai rəyə əsasən, Makron ölkəni “qaranlıq tunelə” salıb, Fransanın həmin tuneldən çıxmasının yeganə yolu onun hakimiyyətdən tezliklə kənarlaşdırılmasıdır.
Aybəniz Səfərova
16:15 10.06.2025
Oxunuş sayı: 7826