Politoloq: "NATO və Qərb Rusiyanı sülhə məcbur etmək üçün yeni mərhələyə keçid edir”

Dünya siyasi arenasında gərginlik sürətlə artır. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli və dağıdıcı təsirləri beynəlxalq münasibətlər sistemində yeni təhlükəsizlik strategiyalarına ehtiyac yaradıb. Münaqişə təkcə regional deyil, qlobal səviyyədə güc balansına və dövlətlərarası münasibətlərə təsir göstərməkdədir. Bu fonda NATO-nun son bəyanatı diqqət çəkib: Alyans rəhbərliyi yaxın 3-5 il ərzində Rusiya ilə mümkün bir münaqişəyə hazırlaşmaq niyyətində olduqlarını açıqlayıb. Bu isə beynəlxalq ekspertlər və siyasi şərhçilər arasında ciddi müzakirələrə səbəb olub. Mütəxəssislər bu bəyanatı yalnız hərbi hazırlıq planı kimi deyil, həm də Qərbin Moskvaya ünvanladığı açıq siyasi mesaj kimi qiymətləndirirlər.
Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı Crossmedia.az-a açıqlamasında NATO-nun bu mövqeyini şərh edərkən bildirib ki, hazırda dünyada silahlanma prosesi sürətlənir, güc balansı pozulub və tərəflər maraq dairələrindən geri çəkilmək niyyətində deyillər.
Politoloqun sözlərinə görə, bu proseslərin mərkəzində Ukrayna dayanır:
“Bir tərəfdə Rusiya, digər tərəfdə isə NATO var. NATO uzun illərdir ki, birbaşa hərbi müdaxilədən çəkinir. Amma indiki mərhələdə Rusiya Ukrayna ilə bağlı mövqeyindən geri çəkilməsə və işğal faktından əl çəkməsə, ehtimal var ki, NATO prosesi daha ciddi şəkildə gündəminə gətirəcək. Bu isə Avropanı da təhdid edən Rusiya mövqeyinə qarşı cavab ola bilər. NATO-nun tam miqyaslı hərbi müdaxiləsi hələlik real görünmür, lakin bu ehtimalı sıfıra endirmək də düzgün deyil.
A.Nağının fikrincə, Qərb dövlətləri Ukraynaya dəstəyi daha da gücləndirməklə yeni bir mərhələyə keçid edir:
“İndiyədək Ukrayna ilə Rusiya arasında klassik cəbhə müharibəsi gedirdi. Qərb isə Ukraynaya silah, maliyyə və texniki dəstək verirdi. Lakin bu mərhələ gözlənilən nəticəni tam vermədi. Rusiya Krım və dörd əsas bölgəni nəzarətə götürə bildi. Hazırda isə görünən budur ki, Qərb Ukrayna ilə birgə Rusiyanın daxilinə zərbələr endirmək, daxili sabitliyi pozmaq və Moskvanı sülhə məcbur etmək strategiyasına keçid edir. Bu hibrid və ya partizan müharibəsinə bənzər bir üsuldur. Əgər bu yeni mərhələ də nəticə verməsə, çox təəssüf ki, NATO ilə Rusiya arasında genişmiqyaslı toqquşma ehtimalı arta bilər”.
Politoloq hesab edir ki, bu qarşıdurmanın sülh yolu ilə həll olunması yalnız o halda mümkündür ki, Rusiya geri addım atsın və beynəlxalq hüququn prinsiplərinə qayıtsın:
“Əgər Moskva mövqeyindən dönməzsə, müharibə uzunmüddətli və daha təhlükəli fazaya keçə bilər. Hazırda Qərb bloku – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələr Ukraynaya verdikləri dəstəyi artırırlar. Bu isə onu göstərir ki, hələlik diplomatik həll yoluna ümidlər zəifdir”.
Zəhra Ağayeva
12:45 10.06.2025
Oxunuş sayı: 10077