"Avropa Rusiyanın qalib gəlməsinə imkan verməyəcək" :Kreml özünü fəlakətə aparır

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya onun ölkəsinə
qarşı yalnız müharibə uzun illər davam etsə və Qərbin sanksiyaları olmasa qalib
gələ bilər. O, “ABC News” telekanalına müsahibəsində bildirib.
"Dünyada birlik olsa və dünya bizim tərəfimizdə olsa, Putin
müharibədə hec cür qalib gələ bilməz. Bu, mümkün deyil. Buna görə də o, ancaq
çox-çox, uzun illər davam edən müharibə və sanksiyalarsız olsa, qalib gələ
bilər. Onun həqiqətən də istədiyi budur, çünki bu müharibə üçün ona pul lazım
olacaq və Putin ölənə qədər Kremldə oturmaq istəyir. Bu, onun məqsədidir",
- Ukrayna lideri bildirib.
Zelenski
həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı neft və enerjidən asılıdır, ona
görə də bu sahələrə qarşı sanksiyaların mümkün qədər tez tətbiq edilməsi
lazımdır.
Zelenskinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib ki, Avropa dövlətləri və ABŞ – Rusiyaya qarşı kifayət qədər sanksiyalar tətbiq etmirlər. Onun fikrincə, bu, Ukraynadakı müharibənin uzanmasına şərait yaradır.
S.Məmmədlinin sözlərinə görə, Avropa ölkələri və ABŞ Rusiyanın maliyyə gəlirlərini ciddi şəkildə azaltmaq üçün real addımlar atmırlar: “Son hesablamalara görə, hətta Rusiyanın neft, qaz, ticarət gəlirləri Avropa ölkələrindən əldə etdiyi gəlirlər vasitəsilə kifayət qədər yüksəkdir. Belə vəziyyət Rusiyanın hərbi gücünü qoruyub saxlamasına səbəb olur və bu ölkə əldə etdiyi gəlirləri müharibəyə yönəldir. Avropa ölkələri Rusiyaya böyük gəlirlər əldə etməyə imkan verir. Bu gəlirlərdən Rusiya - müharibəsində istifadə edilir. Rəqəmlər də bunu əyani şəkildə göstərir”.
Sabir Məmmədli bildirib ki, bu səbəbdən Zelenski beynəlxalq ictimaiyyətə çağırış edərək, Rusiyaya qarşı ticarət əlaqələrinin tamamilə dayandırılmasını istəyib: “Zelenskinin bu mövqeyi bəzi ABŞ senatorları tərəfindən də dəstəklənir. Zelenski ABŞ-dəki Donald Tramp administrasiyasına Rusiya ilə ticarət edən ölkələrin məhsullarına 500 faiz gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Məqsəd Rusiyanın maliyyə mənbələrini məhdudlaşdırmaq və Ukraynaya üstünlük qazandırmaqdır. Eyni zamanda ABŞ daxilində də Ukraynaya silah və maliyyə yardımı ilə bağlı siyasi iradə zəifləyib. Tramp hələ də Ukraynaya silah təchizatı məsələsini götür- qoy edir. Hazırda Avropa İttifaqında bir sıra daxili fikir ayrılıqları mövcuddur. Macarıstan və Sloveniya kimi ölkələr birmənalı mövqe sərgiləmir. Bu isə Rusiyaya əlavə fürsətlər yaradır. Hətta Macarıstan baş naziri Viktor Orban elan edir ki, guya davam edən müharibədə Avropa uduzur. Bəzi liderlər bu formada ruh düşkünlüyü yaratmaqla məşğuldur”.
Professor əlavə edib ki, Avropa daxilində
bir mərkəz olaraq Almaniyanın mövqeyi önəmlidir və bu ölkənin kansleri Fridrix
Mertsin Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsi onun populyarlığını
artırır: “Eyni zamanda Brüsseldə keçirilən
son görüşdə Ukraynanın müdafiə naziri Rüstəm Umerov 2025-ci il üçün ölkəsinə nəzərdə
tutulan maliyyə dəstəyinin yüksək səviyyədə olacağını bəyan edib. Amma bu dəstəyin
əsas hissəsi Avropa ölkələrinin üzərində düşür. Rusiya müharibəni davam etdirməklə
özünü ciddi iqtisadi və siyasi fəlakətlərə aparır. Reallıq budur ki, Avropa ölkələri
Rusiyaya müharibədə qalib gəlmək üçün şərait yaratmayacaq. Müəyyən problemlər və
ləngimələr var. Amma rəsmi Moskva bu savaşda üstünlük əldə edə bilməyəcək”.
Fatimə Məmmədova
16:48 09.06.2025
Oxunuş sayı: 1230