Milli Məclisin Komitə sədri Fazil Mustafa Müasir İnkişaf Birliyinin yubileyini təbrik edib

5 iyunda "Müasir İnkişaf" İctimai Birliyinin fəaliyyətə başlamasının 20 ili tamam oldu. “Tarix unudulmaz, Millət bölünməz, Torpaqdan pay olmaz!” şüarını əsas tutan təşkilat üzvləri ötən illər ərzində Azərbaycançılıq ideologiyasının, Türk-İslam birliyinin, milli kimlik və dövlətçilik prinsiplərinin təbliği istiqamətində mühüm işlər görüb, cəmiyyətin maariflənməsində fəal rol oynayıb.
Birlik yalnız ölkə daxilində deyil, həm də beynəlxalq platformalarda milli maraqları müdafiə etməyə yönəlmiş layihələrlə çıxış edib, Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində dövlət siyasətinə ictimai dəstək göstərib. Müasir İnkişaf Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, siyasi şərhçi, BDU Jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlüdür.
20 illik bu şərəfli yol, milli dəyərlərə sadiqlik və gələcəyə inamın ifadəsidir.
Təşkilatın 20 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Millət Vəkili Fazil Mustafa Təşkilatın İdarə Heyətinə təbrik məktubu ünvanlayıb:
Məktubda qeyd olunub:
“Sizi “Müasir İnkişaf” İctimai Birliyinin yaranmasının 20 illik yubileyi ilə bağlı səmimi-qəlbdən təbrik edirəm!
20 illik bir yol tarix üçün bəlkə də çox uzun sayılmaya bilər, lakin bir ideyanın yaşadılması, qorunması və inkişaf etdirilməsi baxımından bu, əzm və mənəvi zəhmət tələb edən önəmli zaman kəsiyidir. Bu illər içində “Müasir İnkişaf” İctimai Birliyi təkcə bir ictimai qurum olaraq yox, həm də milli-mənəvi ideyaların daşıyıcısı və onların həyata keçirilməsinə töhfə verən bir qurum olaraq, vətəndaş cəmiyyəti institutları arasında özünəməxsus yer tutub.
Türk birliyi, Türk-İslam ideyası və azərbaycançılıq düşüncəsinin ruhunda formalaşmış bu Birliyin gənc ideya sahibləri tərəfindən qurulması, bu ideyaların davamlı şəkildə təbliği, təqdimi ictimai fikrimizə bir töhfə olub.
Qürurverici haldır ki, bu gün Türk Birliyi artıq ideyadan gerçəkliyə keçib. Türk dövlətlərinin işbirliyi Türk Dövlətlər Təşkilatı və ortaq qurumlar sayəsində regional və beynəlxalq müstəvidə siyasi gücə çevrilməkdədir.
20 illik yubiley münasibətilə Birliyin indiki və keçmiş üzvlərini, qurucularını, ideya daşıyıcılarını, bu yolun hər mərhələsində zəhməti və əməyi olan, vətəndaş cəmiyyətini təmsil edən hər kəsi təbrik edirəm!
Uğurlar”!
21:34 06.06.2025
Oxunuş sayı: 11626