Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirir? - ŞƏRH

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir.
"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, ABŞ prezidenti Donald Trampın təşviq etdiyi, hər iki tərəfi dialoqa və birbaşa danışıqlar aparmağa çağırdığı görüşdür", - o qeyd edib.
Livitt vurğulayıb ki, ABŞ bu danışıqlar üçün Türkiyəyə nümayəndə heyəti göndərmir. "Prezident nümayəndə göndərməyi planlaşdırsa, sizə xəbər verəcəyik. Hazırda bunu görmürəm. O, bu müharibənin döyüş meydanında deyil, danışıqlar masası arxasında həllini istəyir. Dövlət başçısı bunu dəfələrlə hər iki ölkənin liderinə deyib. Ümid edirəm ki, gələn həftə müəyyən irəliləyişlər müşahidə olunacaq", - Ağ Evin sözçüsü bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunu elan edib. O, bəyan edib ki, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski böhranın əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı Rusiyadan memorandumu Ukraynaya təhvil verəcək.
Danışıqların əvvəlki raundu mayın 16-da baş tutub və “1000-dən 1000-ə qədər” prinsipi ilə əsirlərin mübadiləsinə dair razılaşmalar və mümkün gələcək atəşkəs barədə tərəflərin öz mövqelərini təqdim etməsi ilə başa çatıb. Hər iki tərəf görüşün nəticəsindən məmnunluq ifadə edib.
Türkiyənin proseslərdəki aktiv rolu və bunun gözlənilən nəticəsi barədə Crossmedia.az-a danışan politoloq Aytən Qurbanova söyləyib ki, indiki halda müharibənin bitməsi o qədər asan deyil: "İstanbul danışıqlarının nəticəsində görə tərəflər min əsiri dəyişdilər. Bu, uğurdur. Lakin bütün şərtlərin razılaşdırılması asan deyil. Rusiya müharibənin ilkin səbəblərinin aradan qaldrılmasını tələb edir. Bu, Ukraynanın ərazu bütövlüyünün görməzdən gəlinməsi deməkdir. Fikirmcə, Kiyev asanlıqla buna razı olmayacaq".
Müsahibimiz, həmçinin Ankaranın proseslərdəki rolundan da danışıb: "Türkiyə təşkilatçı olmaqla yanaşı, həm də hər iki tərəfin etimadını qazanmış nadir tərəflərdəndir. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya şərtlər üzərində çalışır. Həm Moskva, həm də Kiyev Ankaraya inanır. Təsadüfi deyil ki, danışıqlar İstanbulda keçirilir. Bu, NATO dövlətlərinin də maraqlarına uyğundur".
Kənan Novruzov
13:29 30.05.2025
Oxunuş sayı: 11237