Bolqarıstan mətbuatı Azərbaycanın müstəqillik günündən yazıb

28 May – Müstəqillik Günü ilə əlaqədar Bolqarıstan mətbuatında bu əlamətdar günün Azərbaycanın siyasi tarixində, habelə milli ideologiyasının formalaşmasında oynadığı müstəsna rolu barədə məqalələr dərc olunub.
Crossmedia.az xəbər verir ki, məqalələrdə mövcud olduğu 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən tədbirlərin ölkəmizin dövlətçiliyinin əsaslarının qurulması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi, eləcə də etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların əsas hüquq və azadlıqlarının təsbit edildiyi, hətta 1918-ci ildə qadınlara səsvermə hüququ verilməsinin əksər Avropa ölkələrindən xeyli əvvəl baş tutduğu qeyd edilib.
Müəlliflər müstəqilliyini yenidən əldə etdikdən sonra Azərbaycan Respublikasının çətin sınaqlardan keçdiyini, ərazisinin Ermənistan təcavüzü nəticəsində işğal olunduğunu, buna baxmayaraq həyata keçirilən genişmiqyaslı siyasi, iqtisadi və hərbi islahatlar, o cümlədən dəqiq işlənmiş inkişaf strategiyası nəticəsində Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrildiyini vurğulayıblar. Həmçinin ölkənin müstəqil dövlətçiliyinin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə nail olduğunu oxucuların diqqətinə çatdırıblar.
Məqalələrdə həmçinin, sülh şəraitində birgəyaşayış və qarşılıqlı faydalı münasibətlərin qurulması naminə öz maraqlarını müdafiə edən müasir Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğu vurğulanıb.
21:35 28.05.2025
Oxunuş sayı: 1288