Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilir - YENİLƏNİB




2025-ci il 19–23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir.
Bu barədə Crossmedia.az Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinə istinadən xəbər verir.
Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir.
Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir.
Tədbirin açılış mərasimində Prezident İlham Əliyev Bakıda keçirilən bu mötəbər beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib.
Tədbirin açılış mərasimindən sonra isə GlobE şəbəkəsinin Katibliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub.
Hesabatda yeni üzv qurumlarla bağlı məlumat, şəbəkənin işçi qruplarının fəaliyyəti, regional ofislərin rolu, qarşılıqlı hüquqi yardım alətləri və texnoloji kommunikasiya mexanizmlərinin istifadəsi ətraflı şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Həmçinin, GlobE şəbəkəsinin İcraçı Katibi Neil Walsh-ın iştirakçılara ünvanladığı videomüraciət nümayiş etdirilib.
Daha sonra Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı hüquq mühafizə orqanlarının əməkdaşlığı” mövzusunda sessiya baş tutub. Sessiya Pekin Konsensusunun icrasına həsr olunub və burada Azərbaycanla yanaşı Çin, Malayziya, Rusiya və İndoneziyanın müvafiq qurumlarının nümayəndələri çıxış edərək öz ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanı bu sessiyada təmsil edən Natiq Eyvazov cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əldə olunmuş təcrübə və qarşıya çıxan çətinliklər barədə danışıb.
Tədbirin davamında “Korrupsiya cinayətlərinin istintaqında texnoloji alətlərin praktiki tətbiqi” mövzusunda sessiya keçirilib. Burada çıxış edən nümayəndəmiz Elşən Orucov süni intellekt və rəqəmsal texnologiyaların istintaq prosesində istifadəsinin üstün və zəif cəhətləri barədə fikirlərini bölüşüb. Sessiyada Qətər, Çili, Sinqapur, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də öz ölkələrinin təcrübələri ilə çıxış ediblər.
GlobE Network-un Bakı Plenar İclası beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.
09:22
XXX
Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – "GlobE Network" çərçivəsində altıncı plenar iclas keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.
Panellərdə, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış planlaşdırılır.
Tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edir.
Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.
Eyni zamanda, plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcək.
Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.
Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.
19:21 20.05.2025
Oxunuş sayı: 897