“Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə görüşündə əsl lider nümunəsi göstərdi" - Deputat

Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı qitənin gələcəyi, təhlükəsizliyi və geosiyasi tərəfdaşlıqlar baxımından mühüm mesajlar verdi. Liderlərin toplandığı bu yüksək səviyyəli tədbirdə hər bir detal istər diplomatik jestlər, istərsə də qeyri-rəsmi dialoqlar diqqət mərkəzində idi. Zirvənin açılış mərasimi isə həm Avropa siyasi səhnəsindəki dinamikaları, həm də kimlərin söz sahibi olduğunu aydın göstərdi. Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev davranışları, çıxışları və keçirdiyi görüşlərlə yalnız tədbirin iştirakçısı deyil, həm də əsl lider obrazı kimi önə çıxdı.
Milli Məclisin deputatı Hikmət Babaoğlu məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib. Deputat Avropa Siyasi Birliyinin keçirilən 6-cı Zirvə görüşünü şərh edərkən bildirib ki, Azərbaycan Prezidenti mübaliğəsiz olaraq tədbirin ən arzu olunan və diqqət çəkən qonaqlarından biri idi:
"Prezident İlham Əliyev zirvə görüşündə davranışları ilə bu gün həm Avropada, həm də dünyada lider qıtlığı yaşandığı bir dövrdə əsl liderin necə olması gərəkdiyini nümayiş etdirdi.
Şübhəsiz ki, bu davranışlar yalnız ritorika ilə deyil, əməli fəaliyyətə əsaslanır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda mürəkkəb proseslərdən keçən dünyanı xilas edəcək liderlərə ehtiyac var. Bu liderlər beynəlxalq hüquqa əsaslanaraq qətiyyətli və cəsarətli addımlar ata bilməlidirlər. Onlar hər kəslə açıq dialoq aparmaqla yanaşı, prinsipial, ardıcıl və dəyişməz mövqe nümayiş etdirməyi bacarmalıdırlar. Azərbaycan Prezidenti də məhz bu keyfiyyətləri özündə birləşdirir”.
Hikmət Babaoğlu qeyd edib ki, Avropa Siyasi Birliyi Azərbaycanla yüksək səviyyəli münasibətlərə malik olsa da, ötən illər ərzində Avropa İttifaqı bir sıra məsələlərdə ciddi yanlışlıqlara yol verib:
“Ermənista və Azərbaycan müharibəsindən sonra Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünü tanımaq əvəzinə, bəzi Avropa qurumları işğalçı dövlətin yanında yer aldılar. Ermənistana qondarma monitorinq missiyası göndərildi, Avropa Şurasında Azərbaycana qarşı təzyiqlər göstərildi. Xüsusilə də Fransanın başçılıq etdiyi radikal Avropa İttifaqı ölkələri Ermənistana silah yardımlarına başladılar. Amma zaman keçdikcə Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı və artıq qəbul edilməyə başlandı”.
Deputatın fikrincə, Azərbaycan yalnız regional deyil, Avropa üçün də strateji əhəmiyyət daşıyan dövlətdir:
“Azərbaycan həm Avropanın enerji təhlükəsizliyinə, həm də iqtisadi maraqlarına real töhfə verə bilən ölkədir. 6-cı Zirvə görüşü də bir daha sübut etdi ki, Avropa İttifaqı Azərbaycana münasibətdə öz mövqeyini dəyişməyə başlayıb. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının rəhbəri ilə keçirdiyi görüşlər bu baxımdan xüsusilə önəmlidir. Həmin görüşlər zamanı Azərbaycan Prezidentinə ünvanlanan baxışlar onun siyasi nüfuzuna verilən qiymətin bariz göstəricisidir”.
Hikmət Babaoğlu əlavə edib ki, Avropa İttifaqı ilə münasibətlərdə yaranan gərginliklərə baxmayaraq, Azərbaycan tərəfi heç vaxt əlaqələrin pozulmasına şərait yaratmayıb:
“Azərbaycan Prezidenti bütün təxribatlara baxmayaraq, böyük siyasi yetkinlik nümayiş etdirərək Avropa ilə əlaqələrin qorunmasına çalışıb. Bu isə artıq Avropa tərəfindən də dərk edilməyə başlanıb. Xüsusilə də Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidentinə yaxınlaşaraq səmimi münasibət sərgiləməsi, fikrimcə, proseslərin dönüş nöqtəsi sayıla bilər. Çünki bu günədək Azərbaycana qarşı ən sərt və radikal mövqe sərgiləyən ölkə məhz Fransa olub. Lakin artıq onlar da anlayır ki, Azərbaycan haqlıdır və onun mövqeyi beynəlxalq hüquqa və Avropa dəyərlərinə uyğundur.
Qürurverici haldır ki, Azərbaycan Prezidenti milli dövlətimizi ən yüksək səviyyədə təqdim edir və onun liderliyi sayəsində ölkəmiz dünyada artan nüfuza sahib olur”.
Həmayıl Şükürlü
20:04 17.05.2025
Oxunuş sayı: 7032