Korsikaya qadağa: “Fransanın belə siyasət yürütməsi dekolonizasiya çağırışlarını aktuallaşdırır”- Deputat

İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupu (BTQ) və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər kolonializmə qarşı mübarizə və insan hüquqlarının müdafiəsi istiqamətində birgə təşəbbüslər həyata keçirməyə razılaşıblar.
Tədbir fransız hüquq-mühafizə orqanlarının Kanakidə törətdiyi zorakılığın ildönümündə baş tutub. Çıxışlarda Korsika xalqının assimilyasiya və diskriminasiyaya məruz qalması, milli kimlik və dilin qorunmasının vacibliyi vurğulanıb. Hərəkatın beynəlxalq bölmə rəhbəri Francois Benedetti Korsikanın BMT-nin dekolonizasiya siyahısına daxil edilməsi üçün BTQ-dən dəstək istəyib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib. Deputat bildirib ki, Korsika dili UNESCO tərəfindən artıq unudulan dillər siyahısına salınıb. “Nazione” Hərəkatı da bir neçə ildir ki, bununla bağlı mübarizə aparır: “Çünki əhalinin əksər hissəsi Korsika dilində danışır. Məqsəd Fransa hökuməti tərəfindən verilmiş muxtariyyətin bir hissəsi kimi milli kimliyin və dilin tanınmasına nail olmaqdır. Təəssüf ki, Fransa hökuməti həm Korsikanın milli kimliyini, həm də Korsika dilini qəbul etmir. Qarabağdakı kiçik separatçı qrupların taleyindən çox narahat olan Fransa, nədənsə 330 minə yaxın korsikalının həyatı üçün heç bir narahatlıq keçirmir”.
Deputatın fikrincə, paradoksal hal odur ki, korsikalıları ölkəni bölməkdə, parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir: “Parisin bir müddət əvvəl Qarabağdakı separatçılara dəstək xarakterli bəyanatlarla çıxış etməsi belə mənfi nümunələrdəndir. Avropa özünü insan haqlarının və hüquqi mədəniyyətin beşiyi hesab edir. Lakin Korsika hadisəsi göstərir ki, “müstəmləkəçilik” anlayışı təkcə keçmişin tarixi deyil, həm də indinin gerçəkliyidir”.
O, həmçinin sonda vurğulayıb ki, Fransa kimi nüfuzlu bir dövlətin Avropa daxilində belə bir siyasət yürütməsi dekolonizasiya çağırışlarını daha da aktuallaşdırır: “Bakı Təşəbbüs Qrupunun bu məsələyə diqqət ayırması və onu beynəlxalq müzakirəyə çıxarması Azərbaycanın insan haqları, milli kimlik və suverenlik dəyərlərinə verdiyi dəstəyin göstəricisidir. Bu, həm də Avropanın gələcək siyasi dizaynında yeni reallıqların, milli kimliklərin, azad iradənin və mədəni müxtəlifliyin əsas yer tutacağının göstəricisidir”.
Həmayıl Şükürlü
17:55 14.05.2025
Oxunuş sayı: 772