“Sputnik-Azərbaycan” rəsmi olaraq bağlansa da, fəaliyyətini davam etdirir

Azərbaycan Xarici İşlər Nazirliyinin “Rossiya Seqodnya” media qrupuna məxsus “Sputnik-Azərbaycan” nümayəndəliyinin fəaliyyətinin dayandırıldığını açıqlamasından artıq iki aydan çox vaxt keçsə də, agentliyin fəaliyyəti faktiki olaraq davam edir. Agentlik rəsmi statusda olmasa da, Bakıda işini dayandırmayıb.
Crossmedia.az xəbər verir ki, rusdilli “Sputnik-Azərbaycan” redaksiyası hələ də fəaliyyət göstərir. Agentliyin əməkdaşları maaş almaqda davam edir, tədbirlərə qatılır və yaxın vaxtlarda tam fəaliyyətə qayıdacaqlarına əmin olduqlarını bildirirlər. Üstəlik, söhbət yalnız bir jurnalistdən deyil, daha geniş heyətdən gedir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə “Sputnik”in Bakı ofisinin faktiki fəaliyyətinə dair hələ də heç bir rəsmi şərh verməyib. Bu məsələ ilə bağlı quruma sorğu göndərilsə də, cavab verilməyib. Beləliklə, ictimaiyyət üçün bir sıra suallar açıq qalır: niyə fəaliyyət dayandırılsa da, agentlik işləməyə davam edir?
Bu arada, Moskvada “Sputnik-Azərbaycan” əməkdaşlarına ümid verici mesajlar verilsə də, bəzi ekspertlər onların artıq başqa iş axtarmalı olduqlarını düşünür. Çünki Rusiya mətbuatında təmsil olunan bu strukturun reputasiyası beynəlxalq arenada ciddi zərbə alıb. Bu səbəbdən, “Sputnik”lə sıx bağlı olan jurnalistlərin gələcəkdə peşəkar mühitdə qəbul edilmələri sual altındadır. Bəlkə də bu əməkdaşlar nəyinsə fərqində deyillər, yaxud ictimaiyyətə bəlli olmayan daha ciddi detallar var.
Fatimə Nəbiyeva
20:45 13.05.2025
Oxunuş sayı: 752