Baş prokuror: Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir

Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir.
Crossmedia.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirdə deyib.
Onun sözlərinə görə, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq hüquqi dövlətin təməlini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlət suverenliyi tam təmin edilərək ərazi bütövlüyü bərpa olunub.
Baş prokuror, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən də bəhs edib. K.Əliyev bu gün istifadəyə verilən yeni korpusda müasir şəraitin Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyini vurğulayıb.
Baş prokuror yeni inzibati binanın açılışı münasibətilə dövlət başçısına prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsində bu cür müasir infrastrukturun təmin olunduğunu qeyd edib. O, yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.
10:38 08.05.2025
Oxunuş sayı: 673