Cəbrayıl üçün könüllü birlik: Yeni təşəbbüs təqdim edilir

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində yaradılan “Cəbrayıl könüllüləri” qrupuna həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Prezidentin xüsusi nümayəndəliklərinin dəstəyi ilə baş tutub.
Crossmedia.az bildirir ki, konfransda ilk çıxışı Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev edib.
Yusif Vəliyev bildirib ki, Azərbaycan Respublikasında geniş quruculuq və bərpa işləri aparılır. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə dəstək məqsədilə "Böyük Qayıdış Proqramı" hazırlanmış və 2020-ci ildə icrasına başlanılmışdır.
O qeyd edib ki, Ağdam, Şuşa, Füzuli, Laçın rayonlarından olan könüllülər həmin ərazilərdə təşkil olunan layihələrdə aktiv iştirak ediblər. Bu layihələr çərçivəsində həm beynəlxalq, həm də yerli iştirakçılar – o cümlədən turistlər – cəlb olunmuşdur.
Yusif Vəliyev çıxışı zamanı əlavə edib ki, təşkilat fəaliyyətə başladığı gündən etibarən xüsusi nümayəndəliklər də prosesə qoşulub və Cəbrayıl rayonu da bu təşəbbüslərə daxil edilmişdir.
Sonda o vurğulayıb ki, ölkədə gənclər siyasəti sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müşaviri Ramil Cabbarov çıxış edib. O bildirib ki, "5 may – bu gün xüsusi və mənalı bir gündür. Belə maraqlı və əlamətdar gündə bir araya gəlməyimiz, düşünürəm ki, bundan sonrakı fəaliyyətlərimiz üçün mühüm bir başlanğıcdır. Bu gün burada toplanmağımız qarşıdakı işlərə stimul verəcək, birlik və əməkdaşlığımızı daha da gücləndirəcək.
Bu münasibətlə bütün könüllülərə uğurlar arzulayıram. Gördüyünüz işlər və göstərdiyiniz təşəbbüskarlıq təqdirəlayiqdir."
Konfransda "Ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlər də Azərbaycanın artan nüfuzunu və inkişaf potensialını bir daha nümayiş etdirir. Bu fəaliyyətlərin təşkilində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi dəstəyi vardır. Həqiqətən də, bu günün gəncliyi xoşbəxt bir dövr yaşayır – onlar müstəqil və suveren bir dövlətin vətəndaşlarıdır."-deyə fikirlər səslənib.
Ən sonda "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri Nail Şükürov çıxış edib. İlk olaraq konfransda iştirak edən media nümayəndələrinə və könüllülərə təşəkkürünü bildirib.Nail Şükürov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” siyasəti çərçivəsində, 'Qayıdış Könüllü' təşəbbüsü tərəfimizdən yaradılıb və fəal şəkildə fəaliyyət göstərir.
Böyük məmnuniyyətlə qeyd edirəm ki, 5 may 2025-ci il tarixindən etibarən 'Cəbrayıl Könüllüləri' qrupu rəsmi olaraq fəaliyyətə başlayır. Könüllülük üçün müraciətlər 19-25 may tarixlərində qayidiskonullu.az portalı vasitəsilə qəbul ediləcək və proses 20 may tarixinədək davam edəcəkdir.
Qəbuldan sonra növbəti mərhələlər keçiriləcək və uğurla tamamlayan namizədlər qrup üzvü olaraq seçiləcəklər.
Yeni yaradılan bu qrupda liderlik, natiqlik, partlayıcı silahlarla davranış və digər vacib mövzular üzrə maarifləndirici təlimlər təşkil ediləcək. Xüsusilə qeyd etmək istərdim ki, Cəbrayıl Könüllüləri qrupu Xudafərin körpüsünün rəmzi rənglərini daşıyacaq və bu, onların həm vətənə bağlılığını, həm də ruh yüksəkliyini ifadə edəcək."
14:52 05.05.2025
Oxunuş sayı: 1178