Türkiyəli ekspert: "Zelenski edam olunmalıdır"

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Vaşinqton-Kiyev arasında minerallara dair saziş təkcə ikitərəfli iqtisadi tərəfdaşlığı deyil, həm də Ukraynanın milli təhlükəsizliyini gücləndirəcək.
“Bu, təkcə maliyyə razılaşması deyil, həm də Ukraynanın dostunun olduğu və Kiyevin vəziyyətinin yaxşılığa doğru dəyişəcək əlaqədir. Dünyanın qalan hissəsi sizin ABŞ kimi bir dostunuz olduğunu görəcək. Anlayacaqlar ki, sizinlə və ölkənizdə iş apardığımız zaman bu, bütün iştirakçılar üçün milli təhlükəsizliyi artırır", - Bryus qeyd edib.
Tərəflər arasında bir neçə gün əvvəl imzalanmış sənəd barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, professor Hüseyn Şanlıoğlu söyləyib ki, Ukrayna nə NATO-ya üzv ola bildi, nə də Rusiyanın təsirindən qurtula bildi: "Qərb dünyası, xüsusilə Böyük Britaniya Ukraynanı qəsdən təhrik etdi və öz maraqları naminə onu Rusiyanın qarşısına 'ələ salınacaq yem' kimi atdı. Əslində bu taktika ilk dəfə 1979-cu ildə ABŞ-dən gəldi – o zaman bu planı Əfqanıstan üzərindən həyata keçirdilər və nəticədə Sovet imperiyasının dağılmasına səbəb oldular.
Hazırda da eyni ssenari təkrarlanır. Ukrayna bu prosesdə darmadağın oldu. Həm Krımı, həm də Donbas və Luqansk bölgələrini itirdi. Ümumilikdə torpaqlarının təxminən 20 faizini əldən verdi və heç nə əldə edə bilmədi. Bütün bunların əsas məsuliyyətini daşıyan şəxs isə Prezidenr Volodimir Zelenskidir. Məncə, Zelenski edamla mühakimə olunmalıdır. Bunu açıq şəkildə deyirəm.
Türkiyəli Politoloq əlavə edib ki, ABŞ Ukraynanın nadir torpaq elementlərinə və qiymətli mədənlərinə əl qoydu: "Ukrayna bu savaşda heç nə qazanmadan, böyük itkilər verdi. Son 4 ildə təxminən 1 milyon insan həyatını və ya insanlığını itirdi, faciələr yaşandı. Bundan sonrakı mərhələdə Ukrayna həm Rusiya, həm də Qərbin nəzarəti altında olan bir ölkəyə çevriləcək. Yəni, ölkənin şərq hissəsi Rusiyanın, qərb hissəsi isə Qərb dövlətlərinin təsiri altında olacaq. Ən böyük qazanc isə Ukraynanın mədən ehtiyatlarının istismarına gedəcək – ruslar şərqdəki mədənləri çıxaracaq, Qərb isə qalan resursları nəzarətdə saxlayacaq. Ukrayna isə təəssüf ki, tamamilə Qərbin qurbanına çevrildi".
Müsahibimiz Kiyevin Qərbin qurbanına çevrildiyinə diqqət çəkib: "Dediyim kimi, bu müharibədən yalnız Qərb ölkələri qazanc əldə etdi. Onlar həm silah satdılar, həm də bu silahların Rusiya üzərində effektivliyini sınaqdan keçirdilər. Əslində bu planın arxasında duran əsas güc isə Britaniyadır. ABŞ isə bu yolla Rusiyanı Suriyadan və Şimali Afrikadan geri çəkilməyə məcbur etdi. Təəssüf ki, bu müharibədə təkcə Ukrayna xalqı itirdi. Zelenski də sabah bir yolunu tapıb Qərbə qaçacaq".
Bənövşə Zahidli
19:22 02.05.2025
Oxunuş sayı: 1355