Politoloq: “ABŞ-Avropa münasibətlərinin inkişafı qeyri-sabit xətt üzrə davam edəcək”

Rusiya öz məqsədlərinin hamısına çata bilməyib. Əsas dağıntı Ukraynaya dəyib. Rusiya-Ukrayna müharibəsinin artıq aydın olan nəticəsi odur ki, Ukraynanın əvvəlki kimi rifahlı bir dövlətə çevrilməsi mümkünsüz görünür.
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində Qaziantep universitetinin müəllimi, politoloq Coşkun Soysal deyib.
O bildirib ki, savaşın artıq aydın olan nəticəsi odur ki, Ukraynanın əvvəlki kimi rifahlı bir dövlətə çevrilməsi mümkünsüz görünür: “Artıq orada yaşanılacaq bir ölkənin qalıb-qalmadığı belə sual altındadır. Bu müharibə Qərb tərəfindən soyuq müharibəni xatırladan sistem qarşıdurması kimi qəbul edilib və bəziləri Üçüncü Dünya Müharibəsinin çıxacağını belə iddia edib. ABŞ-də Donald Tramp hakimiyyətə gələnə qədər Qərb "Rusiya qalib gəlməməlidir" fikri ilə hərəkət edirdi. Tramp isə Rusiyaya gözlənilməyən şəkildə mülayim yanaşdı və məsələləri danışıqlar masasında həll etməyə çalışdı. O, Krımın statusu və Ukraynanın NATO-ya üzvlüyü kimi məsələlərdə Rusiyanın xeyrinə davranış sərgilədi.
Tramp Rusiyadan sürətli nəticə əldə edəcəyini düşündü, amma bu baş vermədi. Rusiya isə müharibəni yalnız ABŞ-lə münasibətləri düzəldəcək və Avropadakı təhlükəsizlik sistemində öz yerini təmin edəcək bir nəticə ilə bitirmək istəyir. Bu isə Trampın təklif edəcəyi sadə deyil, daha böyük bir hədəfdir. Eyni zamanda, Tramp administrasiyası da hələ tam müəyyən xarici siyasət xəttinə sahib deyil – bəzən izolyasionist bəzən isə neokonservativ yanaşmalar nümayiş etdirir”.
Onun sözlərinə görə, Rusiya və Avropa arasında, təbii resursları olmayan, parçalanmış və yaşanılması çətin olan bir Ukrayna tampon zonası formalaşa bilər: “ABŞ-Avropa münasibətlərinin inkişafı qeyri-sabit xətt üzrə davam edəcək. Çin isə Avropa ilə əlaqələrini necə quracağına görə ya mövqeyini gücləndirəcək, ya da zəiflədəcək. Yəni bizi çoxqütblü yeni bir dünya düzəni gözləyir".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/28803
23:08 01.05.2025
Oxunuş sayı: 786