Daxili işlər naziri Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib





Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində vətəndaşların müraciətini dinləyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Crossmedia.az-a verilən məlumata görə, əvvəlcə Tovuz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edilib.
Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Vətən müharibəsinin 36 iştirakçısının da iştirak etdiyi sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 191 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
18:06 28.04.2025
Oxunuş sayı: 764