Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatına sədrlik Azərbaycana verilib



Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın dəvəti ilə Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya Ədalət Mühakiməsinin Gələcəyi” mövzusunda keçirilmiş simpoziumda iştirak etmək üçün İstanbul şəhərində səfərdə olub.
Crossmedia.az Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbirin rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında iştirakçıları salamlayıb və onlarla xatirə şəkli çəkdirib.
Simpoziumun əvvəlində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya 34 ölkənin konstitusiya nəzarəti orqanlarının sədrlərini, hakimlərini və digər qonaqları salamlayaraq açılış nitqi ilə çıxış edib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Türkiyə Respublikası Konstitusiya Məhkəməsini yaradılmasının 63-cü ildönümü münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində hüquq və ədalətin, insan hüquq və azadıqlarının müdafiəsi və konstitusiya prinsiplərinin aliliyinin təmin olunması sahəsində səylərinin davam etdirilməsində əmin olduğunu ifadə edib.
Simpoziumun praktiki hissəsində XXI əsrdə konstitusiya ədalət mühakiməsinin gələcəyi, rəqəmsal dövrdə konstitusiya ədalət mühakiməsi, konstitusiya ədalət mühakiməsində yeni çağırışlar və imkanlar, eləcə də digər hüquqi məsələlər üzrə məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində 27 aprel tarixində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv olan ölkələrin Konstitusiya Məhkəmələrinin iclasında Təşkilata müvəqqəti sədrlik səlahiyyətləri rəsmi olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilib.
Səfər çərçivəsində xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri ilə məhkəmə-hüquq sahəsində fikir mübadiləsi aparılıb.
17:49 28.04.2025
Oxunuş sayı: 856