Qloballaşma çağında din və dövlət zənginliyinə baxış




Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfrans keçirilib.
Crossmedia.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşması, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətindəki xidmətlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu strateji xətt uğurla davam etdirilir, milli-mənəvi irsin qorunması və dövlət-din münasibətlərinin inkişafı istiqamətində ardıcıl addımlar atılır.
Mühüm məsələlərin müzakirəsi və faydalı təcrübə baxımından keçirilən silsilə regional konfransların nəticələri barədə danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan xalqının tarixən öz milli adət-ənənələrinə və dini dəyərlərinə bağlılığı ilə seçildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə insanlara münasibət inancına, etnik-mədəni köklərinə görə deyil, vətəndaş kimliyinə görə formalaşır. Bu, dövlətin istinad etdiyi ideoloji sütunlardan biri olmaqla bərabər, həm də bütövlükdə cəmiyyətimizin ümumi konsensus əsasında formalaşan baxışlar sistemidir.
Milli Məclisin deputatı Azər Kərimli Dövlət Komitəsinin regionlarda keçirdiyi konfransların aktual mövzulara həsr olunmasının əhəmiyyətinə toxunub. Qloballaşmanın dini identikliklərə təsiri, dinin siyasətdəki rolunun artması barədə fikirlərini bölüşən deputat din siyasətinin balanslı və inklüziv şəkildə qurulmasının vacibliyini diqqətə çatdırıb.
Regional konfrans işini panel iclaslarla davam etdirib.
17:36 24.04.2025
Oxunuş sayı: 932