Politoloq: "Tramp düşünür ki, Kremldə onun açıqlamaları narahatlıq yaradıb..."

ABŞ-nin prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə dair sülh imkanlarını ilə bağlı nikbin açıqlama verib. O, hər iki ölkənin bu həftə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.
Tramp hesab edir ki, əgər tərəflər arasında razılaşma baş tutarsa, həm Rusiya, həm də Ukrayna inkişaf edən Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa başlayacaq və iqtisadi baxımdan mühüm faydalar əldə edəcəklər. “Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Hər iki tərəf inkişaf edən ABŞ ilə biznesə başlayacaq və sərvət qazanacaq”, – deyə o, paylaşımında qeyd edib.
Trampın bu açıqlaması müharibənin gedişində müəyyən diplomatik hərəkətliliyin müşahidə olunduğu bir vaxta təsadüf edir. Xüsusilə son günlərdə gündəmə gələn "Pasxa atəşkəsi" və ABŞ-nin qeyri-rəsmi danışıqlara cəlb olunması ehtimalları bu cür bəyanatların fonunu daha da maraqlı edir.
Mövzu ilə bağlı bir Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, əslində davam edən müharibədə nəticə gecikir: "Tramp ilk vaxtlar müharibəni bir günə həll edə biləcəyini iddia edirdi. Amma artıq üzərindən üç ay keçib. Bu az vaxt deyil. Reallıqda vəziyyət heç də ümidverici görünmür. Mövcud situasiya, qarşılıqlı şərtlər, həmin şərtlər üzərində yaranan ziddiyyətlər və toqquşan maraqlar belə bir təəssürat yaradır ki, anlaşma ehtimalı yüksək deyil".
Politoloq xatırladıb ki, Tramp bir müddət əvvəl Rusiyaya qarşı sərt açıqlama vermişdi: "O, aprelin sonuna qədər vaxt vermişdi. Həmin vaxta qədər sülh sazişi ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə ABŞ-nin Rusiyaya qarşı siyasətini dəyişəcəyini, təzyiq göstəriləcəyini, o cümlədən sanksiya tətbiq olunacağını söyləmişdi. Trampın mövqeyinə görə, bu xəbərdarlıq Putinə çatıb və nəticə etibarilə Kreml həmin təzyiqləri nəzərə alaraq son bir həftə ərzində – yəni ayın sonunadək – razılaşma əldə etməyə çalışacaq. Tramp düşünür ki, Kremldə onun açıqlamaları narahatlıq yaradıb və bu səbəbdən Rusiya ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməyə məcbur olacaq".
Politoloq vurğulayıb ki, reallıqda həm Ukraynanın, həm də Rusiyanın öz şərtləri mövcuddur və ABŞ da öz maraqlarını qorumağa çalışır: "Ziddiyyətlər kifayət qədər dərindir. Üstəlik, Rusiya imperialist bir dövlət olduğundan və Kreml yalnız öz istəklərini əsas götürərək masaya əyləşdiyindən sülh razılaşması əldə etmək olduqca çətindir".
Zümrüd Əsədova
15:37 21.04.2025
Oxunuş sayı: 1377