İcraçı direktor: QHT-lərə göstərilən xidmətlər daha əlçatan olub

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi rəqəmsal idarəetmənin tətbiqini genişləndirərək 2023-cü ildən etibarən elektron xidmətlər portalını istifadəyə verib. Portalın əsas məqsədi Agentliyin göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq, şəffaflıq və hesabatlılığı daha da gücləndirməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyət hesabatının təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, yeni portal vasitəsilə QHT-lərə göstərilən xidmətlər daha əlçatan olub, layihələrin idarə olunması və sənəd dövriyyəsi tamamilə elektron şəkildə həyata keçirilir. 2023-cü ildən tətbiq edilən bu portal Agentliyin fəaliyyətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Agentliyin informasiya-kommunikasiya məsələləri üzrə meneceri Fatimə Əbdüləzimova isə bildirib ki, hazırda portal üzərindən qrant layihələri ilə bağlı bütün sənədləşmə prosesi tam şəkildə elektron formatda aparılır. O, həmçinin qeyd edib ki, gələcəkdə sistemə plagiat layihələrin aşkarlanması, layihələrin icrası mərhələsində monitorinq və nəzarətin gücləndirilməsi ilə bağlı yeni funksiyalar əlavə ediləcək.
12:15 18.04.2025
Oxunuş sayı: 621