AFFA-nın Hesabat Konfransı keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat Konfransı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin və hesabat dövründə dünyasını dəyişən idman adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca AFFA-nın prezidenti Rövşən Nəcəf 1 illik fəaliyyət barədə hesabat verərək, görülən işlərdən danışıb. O, qarşıya qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını bildirib. R.Nəcəf Legioner limitinin ləğvinin yerli oyunçuların keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb.
Milli komandanın çıxışını da dəyərləndirən AFFA rəhbəri nəticələrin məyusedici olduğunu bildirib: “Baş məşqçi Fernandu Santuşla görüşərək, ümumi durumu müzakirə etmişik. Bundan sonrakı nəticələrə əsasən qətiyyətli qərarlar qəbul olunacaq”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bütün dünyaya idman ölkəsi olduğunu sübut etdiyini, futbolda da böyük uğurların qazanılacağına inamını ifadə edib: “Hər şeyə nail olmaq mümkündür. Əsas odur ki, istək olsun, səy göstərilsin. İnanıram ki, AFFA-nın yeni rəhbərliyi bunu bacaracaq. Bir il çox tez keçdi. Bizim kollektiv idman oyunlarında da uğurlarımız olacaq. Son Olimpiadada 3×3 basketbol yığmamız bunu sübut etdi. Ümid edirəm ki, Azərbaycanın idman nailiyyətləri bundan sonra da davam edəcək. Azərbaycan futbolçuları da öz nailiyyətləri ilə bizləri sevindirəcəklər”.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev yeni rəhbərliyin dövründə görülən işlərdən söz açıb. O, danışılmış oyunlarla bağlı mübarizəyə xüsusi diqqət ayırdıqlarını bildirib: “Bu istiqamətdə işlər davam edir. AFFA bu məsələ ilə ciddi şəkildə məşğul olur. Bu cür hallar təsdiqini taparsa, səbəbkarlar ciddi şəkildə cəzalanacaq. Ona görə də idmançıları belə işlərlə məşğul olmamağa çağırıram”.
Çıxışlardan sonra son bir il ərzində görülən işlərlə bağlı videoçarx nümayiş etdirilib.
Ardından AFFA-nın maliyyə departamenti hesabatla çıxış edib, 1 il ərzində quruma daxil olan gəlirlər, eləcə də xərclər barədə məlumat verib.
Sonra AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekerenin hesabatı dinlənilib. Belçikalı mütəxəssis hakimliklə bağlı müəyyən çatışmazlıqların olduğunu etiraf edib. Deyib ki, son bir ildə Azərbaycan hakimliyi inkişaf etsə də, bəzi oyunlarda müəyyən səhvlər qeydə alınıb: “Düşünürəm ki, bu da normal haldır. Çünki biz “Playstation” oynamırıq, hakimlər isə robot deyil. İnsan fəaliyyəti olan yerdə səhv də qaçılmazdır”.
Daha sonra FIFA nümayəndəsi Marion Qava ilə UEFA nümayəndəsi Valentina Merkolli çıxış edərək, AFFA ilə qarşılıqlı əlaqələrdən danışıblar.
Bununla da Hesabat Konfransı öz işini başa vurub.
14:41 11.04.2025
Oxunuş sayı: 1346