İstanbul görüşündən müsbət nəticə gözləmək yersizdir- Ekspert açıqladı

İstanbul bu dəfə də beynəlxalq diplomatiyanın diqqət mərkəzindədir. Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək qapalı formatlı məsləhətləşmələr, qlobal güclər arasında balans axtarışının yeni mərhələsi kimi qiymətləndirilir. Görüşdən gözləntilər böyükdür – tərəflər arasında gərgin münasibətlərin yumşaldılması və konkret razılaşmaların əldə olunması gündəmdədir. Bu danışıqların kimin xeyrinə olacağı isə həm geosiyasi reallıqlardan, həm də masa arxasındakı kompromis istəklərindən asılı olacaq.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:
"Son vaxtlar ABŞ və Rusiya təmsilçiləri arasında keçirilən görüşlərin sayı artmaqda davam etsə də reallıqda ciddi nəticələr yoxdur. Əksinə müzakirələrin ilk başlandığı dövrdə əldə edilmiş nəticələr belə indi neqativ istiqamətə yönəltməyə başlayıb. Çünki hər iki tərəf öz mövqeyindən geri çəkilir. Bununda əsas səbəblərindən biri ondan ibarətdir ki, Rusiya ABŞ-nin bütün dünya ilə qarşıdurma vəziyyətində olmasından istifadə edərək bunu öz xeyrinə dəyişməyə çalışır. ABŞ-dan daha çox güzəştlər qoparmağa cəhd göstərir. Kremlin belə fürsətcil mövqe tutması Ağ evdə ciddi narahatlıqlar doğurur və Ağ ev rəsmiləri də Rusiyaya qarşı müəyyən manevr etmək məcburiyyətində qalırlar. Tramp administrasiyası Rusiya ilə bağlı mövqeyində bəzi dəyişikliklər edə biləcəyinin mesajını verir. Elə anlaşılır ki, Rusiya və ABŞ təmsilçiləri arasında Ukrayna böhranın nizamlanması məqsədilə keçirilən görüşlərdən elə bir ciddi nəticə gözləmək mümkün deyil. Çünki son vaxtlar Ukrayna böhranı ətrafında yaranmış situasiya həddindən artıq qəlizləşib. Bütün bunları nəzərə alaraq demək olar ki, İstanbul görüşündən də müsbət nəticə gözləmək yersizdir".
Ayhan Ağarzayev
17:18 10.04.2025
Oxunuş sayı: 1565