Ukrayna üçün sonun başlanğıcı: ABŞ-la saziş imzalayacaq

Ukrayna nümayəndə heyəti bu həftə sonu, aprelin 11-12-də ABŞ-ə səfər edərək, iki ölkə arasında təbii ehtiyatlar sahəsində mümkün əməkdaşlığın gələcəyini müzakirə edəcək. Səfər çərçivəsində Ukraynanın iqtisadiyyat və ədliyyə nazirlərinin müavinləri, habelə digər rəsmi şəxslər tərəfdaşları ilə bir araya gələcəklər. Məqsəd ABŞ ilə Ukrayna arasında bu sahədə qarşılıqlı faydalı sazişlərin imzalanması və gələcəkdə enerji təhlükəsizliyi və təbii ehtiyatlardan istifadə məsələlərində daha sıx əməkdaşlığın təmin olunmasıdır. Danışıqların qapalı formatda keçirilməsi nəzərdə tutulur, lakin müzakirələrin nəticələri global enerji bazarına təsir göstərə biləcək əhəmiyyət kəsb edə bilər.
Gözlənilən görüş və onun mümkün nəticələri barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədlinin fikrincə, rəsmi Kiyev təbii sərvətlərin hasilatı barədə Vaşinqtonla razılığa gələcək: "Təəssüf ki, Ukraynanın başqa bir seçimi yoxdur. Son 30 ildə ölkəni idarə edən başıboş siyasətçilər Ukraynanı elə bir vəziyyətə salıblar ki, indi ölkə, belə desək, tamamilə çıxılmaz durumdadır. Bu səbəbdən də Rusiya işğalından qurtula bilmir".
Politoloq qeyd edib ki, Ukrayna böyük ərazilərinin işğal edilməsinin qarşısını almaq və daha dərin bir kollapsa düşməmək üçün ABŞ-nin irəli sürdüyü şərtləri bəzi dəyişikliklərlə qəbul edəcək: "Dəyişikliklər Ukraynanın suverenliyinin və milli kimliyinin qorunması məqsədilə edilə bilər. Amma ümumilikdə, məncə, ABŞ-nin tələbləri böyük ölçüdə yerinə yetiriləcək. Onsuz da hər gün Ukraynanın yüksək rütbəli hərbiçiləri cəbhədən ərazilərin itirildiyi və ordunun vəziyyətinin çox ağır olduğu barədə məlumatlar paylaşır. Bu da göstərir ki, Ukrayna üçün bu razılaşma çıxış yolu kimi görünür".
Sənan Yusifli
16:39 08.04.2025
Oxunuş sayı: 6927