Putin ABŞ-la danışıqlara qızının yaxın adamını göndərdi: "Aysberqin görünməyən tərəfi"

Ukrayna müharibəsindən sonra ilk dəfə yüksək rütbəli rusiyalı nümayəndənin ABŞ-a səfəri baş tutub. Prezident Putinin investisiya üzrə nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonda Tramp komandasının nümayəndələri ilə görüşüb. Onun həm iqtisadi bilgiləri, həm də prezidentin ailəsinə yaxınlığı diqqət çəkir.
Bu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyevin fikrincə, Dmitriyevin açıqlamalarında kompromis mesajları hiss olunur: "ABŞ-Rusiya münasibətlərində yumşalma başlasa da, NATO məsələsində Rusiya əvvəlki kimi sərt mövqedə qalır. Dmitriyev Vaşinqtonda ABŞ-ın sabiq prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb. Dmitriyev Tramp komandasındakı bir neçə əsas fiqurla sıx əlaqələrə malikdir. Bu isə Putinin onu xüsusi elçi təyin etməsinin təsadüfi olmadığını göstərir.Eyni zamanda, Dmitriyevin iqtisadiyyatdan yaxşı anlayışının olması, hansı riskləri gözə alacağını müəyyənləşdirməyə imkan verir. O, həm də dövlət başçısının qızları ilə ailəvi münasibətə malikdir. ABŞ-ın iqtisadi-maliyyə dairələri ilə yaxın əlaqələri olan Dmitriyev Vaşinqtonda keçirdiyi görüşlərdə Rusiyanın mövqeyini amerikalı rəsmilərə çatdıra bilib".
Onun sözlərinə görə, Rusiyanın bu dəfəki ritorikasında yumşalma daha aydın hiss olunur: "Görüşdən sonra Dmitriyev bəyan edib ki, ABŞ-ın yeni administrasiyası onlara anlayışla yanaşır. Kreml Dmitriyevi Vaşinqtona göndərərkən ondan əsas gözlənti Ukraynadakı müharibə ilə bağlı mümkün qədər güzəştə nail olmaq, Rusiyaya qarşı tətbiq edilən ağır sanksiyaların ləğvini təmin etmək və ABŞ-dan sərmayə cəlb etmək olub.Dmitriyev bildirib ki, ABŞ şirkətləri, Rusiyanı tərk edən Avropa şirkətlərinin yerini tutmaqda maraqlıdır. O, həmçinin pandemiyadan əvvəl həyata keçirilən, lakin müharibə ilə dayandırılan ABŞ-Rusiya təyyarə reyslərinin bərpasının vacibliyini vurğulayıb.Rusiya iqtisadiyyatında son vaxtlar yaranan problemlər, Mərkəzi Bank və hökumət arasında fikir ayrılıqları ölkəyə yeni investisiya cəlb edilməsini daha aktual edir. Görünür, qalıcı atəşkəs üçün Rusiyanın əsas ilkin şərtlərindən biri də məhz bu olacaq”.
Siyasi şərhçi onu da bildirdi ki, bununla yanaşı, Dmitriyev ölkəsinin müəyyən güzəştlərə getməyə hazır olduğu barədə də eyham vurub. “Fox News”a müsahibəsində o, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinin mümkünlüyündən danışıb: “Onun sözlərinə görə, Ukrayna üçün bəzi təhlükəsizlik təminatları “məqbul sayıla bilər”.Dmitriyev Ukraynanın Rusiyanın enerji obyektlərinə hücum etdiyini və bununla əvvəl əldə edilmiş razılaşmaları pozduğunu iddia edib. Lakin bütün bunlara baxmayaraq, Ağ Evdəki danışıqların “müsbət notla” başa çatdığını qeyd edib. Görüşün ən diqqətçəkən məqamlarından biri də Rusiyanın Ukraynanın təhlükəsizlik təminatlarına dair mövqeyində hiss edilən dəyişiklikdir. Dmitriyevin sözlərinə görə, Kreml Kiyevin təhlükəsizliyinin təmin edilməsinə dair variantları müzakirə etməyə hazırdır. Lakin bu zəmanətlərin konkret nədən ibarət ola biləcəyini açıqlamayıb. Eyni zamanda, o, Ukraynanın NATO-ya daxil olmasını “tamamilə qeyri-mümkün” adlandırıb. Onun bu mövqeyi, təmsil etdiyi dövlətin əvvəlki sərt ritorikasından fərqlənir. Bu vaxta qədər istər Prezident Vladimir Putin, istərsə də Xarici İşlər naziri Sergey Lavrov bu məsələdə kəskin mövqe nümayiş etdirirdilər.
Bütün bu açıqlamalar görüşün müsbət atmosferdə keçdiyini göstərir. Bu isə yaxın gələcəkdə ABŞ və Rusiya liderləri arasında yeni görüşün keçirilməsi və ikitərəfli münasibətlərin bərpası ehtimalını artırır”.
Həmayıl Şükürova
15:32 07.04.2025
Oxunuş sayı: 853