QHT sektorunda casus "ovu" - Baş Prokurorluqda araşdırma aparılır

Azərbaycanda daha bir QHT rəhbəri Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT işi” çərçivəsində istintaqa cəlb edilib. Belə ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dindirilmək üçün prokurorluğa dəvət olunub. O bu barədə açıqlama vermək istəmədiyini bildirib.
Son zamanlar QHT-lərin aldıqları qrantlarla bağlı araşdırmalar demək olar, genişlənib. Belə ki, bundan əvvəl vətəndaş cəmiyyətinin bir neçə nüməndəsi Baş Prokurorluğa dəvət olunub. Onların xaricdən maliyyələşdirilməsi və aldıqları qrantların təyinatı üzrə xərclənməməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Sözügedən məsələ, o cümlədən M.Qəhrəmanlının Baş Prokurorluğa çağırılması barədə Crossmedia.az-a danışan hüquq müdafiəçisi Əlimməmməd Nuriyev deyib ki, bu hadisə hələ adı çəkilən QHT sədrinin təqsirkar olması anlamına gəlmir: "Digər tərəfdən, məsələnin aydınlaşdırılması üçün dəvət edilən şəxslər şahid qismində ifadə verə bilərlər. Hüquqi çərçivədə bu məsələyə aydınlıq gətirilməlidir. Əgər hər hansı bir cinayət əməlinin törədilməsi ilə bağlı yetərli şübhələr mövcuddursa, cinayət işi açılır və sübutların toplanması prosesi həyata keçirilir. Bu prosesin nəticəsində işin mövcud olub-olmaması müəyyən edilir".
Müsahibimiz bildirib ki, hüquq çərçivəsində cinayət işinin başlanması, işə xitam verilməsi və ya məhkəməyə göndərilməsi ilə bağlı qərar qəbul olunur.
"Bu, normal hüquqi prosedurdur. Bu səbəbdən də narahatlığa əsas yoxdur. Əlbəttə, hüquq-mühafizə orqanına çağırılan şəxs müəyyən qədər narahatlıq keçirə bilər, lakin bu təbii haldır. Azərbaycan vətəndaşı olaraq hər bir şəxs, əgər hər hansı məsələyə dair məlumata malikdirsə və ya belə bir iddia irəli sürülürsə, dindirilə bilər, ondan izahat alına bilər. Bu, cinayət prosesinin tərkib hissəsi olan adi bir prosedurdur. Bununla yanaşı, vətəndaş cəmiyyətinin Azərbaycanda bir çox proseslərə töhfə verdiyi və bundan sonra da verəcəyi danılmazdır. Vətəndaş cəmiyyətinin formalaşması Konstitusiyanın əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir. Ölkəmizdə vətəndaş cəmiyyəti üçün hüquqi baza mövcuddur və bu qurumlar real praktik fəaliyyətlə məşğuldur. Dövlətimizin möhkəmlənməsində vətəndaş cəmiyyətinin mühüm rolu olub və bu, gələcəkdə də davam edəcəkdir. Bundan əlavə, vətəndaş cəmiyyəti ölkəmizə qarşı irəli sürülən əsassız iddiaların cavablandırılmasında, mövcud problemlərin həlli istiqamətində təkliflərin hazırlanmasında, beynəlxalq platformalarda Azərbaycanın maraqlarının müdafiə edilməsində fəal iştirak edir. Məsələn, ölkənin təbii sərvətlərinin qanunsuz daşınmasına qarşı mübarizədə, eləcə də COP29 tədbirində vətəndaş cəmiyyəti mühüm fəaliyyət həyata keçirmişdir. Hazırda da bu istiqamətdə işlər davam etdirilir ", - deyə o, qeyd edib.
Sonda Ə. Nuriyev bildirib ki, vətəndaş cəmiyyəti ölkə rəhbərliyinin sərəncamı ilə yaradılmış qurumlar vasitəsilə müxtəlif layihələrə müraciət edir və onların dəstəklənməsi üçün çalışır: "Bu gün vətəndaş cəmiyyəti ölkəmizin inkişafına töhfə verən vacib qurumlardan biri kimi fəaliyyətini davam etdirir. Müəyyən problemlər də mövcuddur, lakin bu problemlərin həlli istiqamətində addımlar atılır və proses normal şəkildə davam edir".
Pərvin Hacıyeva
12:41 28.03.2025
Oxunuş sayı: 1655