Azərbaycan könüllülərinin “Könüllü baharı” yaz düşərgəsi baş tutub





Azərbaycan könüllülərinin “Könüllü baharı” yaz düşərgəsi baş tutub.
Crossmedia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə keçirilən düşərgə Quba rayonunda olub.
Bildirilib ki, düşərgə müxtəlif könüllü təşkilatlarını əhatə edən ümumilikdə 150 nəfərin iştirakı ilə martın 14-18-ni əhatə edib. Yaz düşərgəsinin məqsədi könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsin və zəngin tarixin aşılanması, eyni zamanda şəxsi inkişafın və sağlam həyat tərzinin təşviqindən ibarətdir.
Qeyd olunub ki, düşərgədən əvvəl Quba rayonuna çatan könüllülər Ulu Öndərin abidəsini ziyarət edilib. Sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib. Dörd gün davam edən düşərgə müddətində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, komanda oyunları, intellektual oyunlar və vörkşoplar baş tutub.
Vurğulanıb ki, bayram ab-havalı düşərgədə tonqal ətrafında Novruz şousu baş tutub. Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər “Könüllünün bir günü” adlı videokontentlər hazırlayıb. Eyni zamanda gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “İstedadSƏN!” yarışı keçirilib.
13:44 19.03.2025
Oxunuş sayı: 1136